Medianews.az
Oxumadan “Prava” almaq istəyənlərə
68 baxış

Oxumadan “Prava” almaq istəyənlərə XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə son günlər imtahan vermədən sürücülük vəsiqəsi vəd edən elanların sayında artım müşahidə olunur. Bu vədlər cəmiyyətdə ciddi narahatlığa və geniş müzakirələrə yol açıb. Ekspertlər belə təkliflərin qanunla qəti qadağan olunduğunu və ağır cinayət məsuliyyəti yaratdığını vurğulayırlar. Vətəndaşlara yalnız rəsmi prosedurlara etibar etmək və şübhəli elanlardan uzaq durmaq tövsiyə olunur.

Medianews.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı danışarkən bu halların tamamilə qanunsuz olduğunu qeyd edib. Ekspert bildirib ki, imtahansız sürücülük vəsiqəsi almaq qeyri-mümkündür.

“İmtahansız sürücülük vəsiqəsi almaq mümkün deyil. Belə bir təklif, yəni ‘imtahansız vəsiqə verilməsi’ reklamı, sadəcə yalan reklamdır və həm qanuna, həm də əxlaqa ziddir. Hüquq mühafizə orqanları bu hallarla məşğul olmalı, araşdırmalı və məsul şəxslər qanun qarşısında cavab verməlidir. Qanun pozuntusuna görə cərimə, inzibati və digər tədbirlər tətbiq oluna bilər. Bu, vətəndaşların aldatılmasının qarşısını almaq və sürücülük vəsiqələrinin qanuni yolla verilməsini təmin etmək üçün vacibdir.”

Bu növ elanlar həm də ciddi kibertəhlükəsizlik riskləri daşıyır. Fırıldaqçılar vətəndaşların fərdi məlumatlarını ələ keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Qanunsuz sənəd vədi ilə şəxsiyyət vəsiqəsinin surətini və ya bank kartı məlumatlarını tələb edən şəxslər gələcəkdə həmin məlumatlarla onlayn oğurluq və ya digər cinayətlər törədə bilərlər.

Vətəndaşlar bilməlidir ki, sürücülük vəsiqəsi üçün yalnız rəsmi dövlət qurumlarına və sertifikatlı kurslara müraciət edilməlidir. Saxta vədlərə inanmaq həm maliyyə itkisinə, həm də gələcəkdə ciddi hüquqi problemlərə səbəb ola bilər. Qanunsuz yollarla sənəd əldə etməyə çalışmaq sürücülərin həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. 

Bizə qoşulun