Bu gün Ermənistanda baş verənlər 33 il öncə ölkəmizdə olub-bitən hadisələrə bənzəyir: hakimiyyət uğrunda mübarizə, Rusiyanın mikserə dönmüş “barmağı”, siyasi gərginlik, dinc xalqın çaş-baş qalması, həbslər və s.
İndi xəbər gəlir ki bu qovğa-mərəkənin fonunda Ermənistanın keçmiş prezidenti Robert Köçaryanı Zvartnots hava limanında saxlayıb, ölkəni tərk etməsinə imkan verməyiblər.
Hələlik bilinmir Köçəryanın ölkəni tərk etməkdə məqsədi nə imiş: seçkidə uduzduqdan sonra qaçıb canını qurtamaq istəyirmiş, yoxsa xaricdə, təhlükəsiz şəraitdə oturaraq, ölkədəki tərəfdarlarına həlledici mübarizəyə atılmaq əmri verəcəkmiş. İkisi də ola bilər.
İndilikdə gözə çarpan əsas hadisə baş nazir Nikol Paşinyanın fenomenal fərasəti və qətiyyətidir. Adam hakimiyyərini qorumaq üçün bütün addımları atır, malik olduğu administrativ resurslardan tam yararlanır, düşmənlərinin və rəqiblərinin istifadə edə biləcəyi heç bir boşluq buraxmır.
Paşinyan və komandası anlayır ki, rəqibləri hakimiyyəti seçki yolu ilə dəyişdirə bilmədikləri üçün bundan sonra atacaqları addımlar, rəvac verəcəkləri gərginliklər qeyri-legitim, qanunsuz fəaliyyət demək olacaq. Başqa sözlə,7 iyun seçkisindən sonra hələ də hakimiyyət davası etmək qiyama hazırlıq, dövlət çevrilişinə cəhd göstərməkdir, ona görə də onlara heç bir güzəşt ola bilməz.
Bəli, qiyamçılarla yumşaq davranmaq, güzəştli mövqe tutmaq olmaz. Qiyamçıların qalib gəlməsi ölkəni on illərlə geri ata, doğru yoldan sapdıra, hərəkət səmtini enişə-yoxuşa, qanqallığa, çınqıllığa sala bilər.
Paşinyanın gözünün önündə Azərbaycan və Gürcüstan örnəkləri var. 33 il öncə həmin bu iyun ayında Azərbaycanda baş verənlər tarix kitablarında dərs kimi öyrəniləsi və dərs çıxarılası hadisələrdir. Surət Hüseynovun qiyamı ölkəyə çox baha başa gəldi: ölkənin cəngavər hərbçiləri həlak oldu, 7 rayon işğala məruz qaldı, 700 min insan yer-yurdundan didərgin düşdü, ölkə bir ayağı amputasiya olunmuş hala gəldi, şikəst oldu və s.
Hələ 33 il öncə bu gün Azərbaycan prezidenti Əbülfəz Elçibəyin gücü ona çatdı ki, Rusiyanın planın pozdu, pis-yaxşı ziyanın yarısından qayıtmağı bacardı, hakimiyyəti tam olaraq qiyamçılara vermədi, Heydər Əliyevin parlament sədri seçilməsini təmin etdi və bu, onlarla siyasi xadimin, yüzlərlə məmurun, minlərlə siyasi fəalın qanının arasına girdi.
Yoxsa istənilən ölkədə insanları namərdcəsinə gülləboran edib öldürərək hakimiyyəti götürən qiyamçılar öz yerlərini möhkəmləndirmək üçün qanunsuz və qanlı əməllərini bir neçə il boyunca davam etdirir, bütün rəqiblərini qırıb-çatırlar. Bu xüsusda yüzlərlə nümunə var. Güman ki, Azərbaycanda da elə olacaqdı. Ancaq 1993-cü ilin 15 iyununda H.Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi və Surətin bu seçimlə razılaşmağa məcbur olması 4 iyun qiyamının faciəvi miqyasını minimuma endirdi.
S.Hüseynov əsl niyyətini bir müddət sonra, baş nazir ikən parlamentdə müxalifətin tənqidi ilə üzləşəndə dilə gətirdi: “Günah məndədir, gərək o vaxt sizi Azadlıq meydanında asaydım, gəlib-gedən cəmdəyinizə tüpürəydi”.
Heç kəs şübhə etməsin ki, o, hakimiyyətin birinci şəxsi olsa, elə də edəcəkdi. Çünki ona təlimat verən dairələr də eyni fikirdə, “insan yoxdur, problem də yoxdur” düşüncəsində idilər.
1993-cü ilin bu günləri prezident Elçibəy qiyamçılarla lazımi qədər qətiyyətli davranmasa da, qiyamın yarımçıq qalmasını təmin edə bildi. 1 il üç aydan sonra qiyamçılar tamamilə zərərsizləşdirildi. Bunu isə prezident Heydər Əliyev etdi. Həmin vaxt qiyamçılar ikinci dəfə qalib gəlsəydilər, bu dəfə YAP-çıları, müsavatçıları, cəbhəçləri, ola bilər, hətta AMİP və ADP üzvlərini də bir-birinə qatıb məhv edəcəkdilər.
Ancaq 1993-cü ilin 4 iyununda qvardiya əsgərlərini güllələyənlər, qiyamın siyasi və ideoloji əsaslarını yaradanlar bu dəfə “uğurlu” ola bilmədilər, məğlub oldular, ya hərbi əməliyyat nəticəsində öldürüldülər, ya da türmələrə dolduruldular. Onların bir neçəsi həbsxanada öldü, bəziləri ölkədən qaçaq düşdü.
S.Hüseynov özü isə törətdiyi cinayətin cəzasını artıqlaması ilə çəkdi – birbaşa bu iş üzrə mühakimə olunmasa da.
Söz yox ki, Paşinyan bu hadisələr bilir, ona görə də Rusiyanın qiyam törətmək barədə düşünən adamlarına aman vermir, onlarla sona qədər öcəşir. O, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin başına gələnləri də yaxşı bilir. Paşinyan bilir ki, öz xalqını irəli aparmış islahatçı Saakaşvili dirəşsəydi, əlindəki inzibati resurslardan tam yararlansaydı, tərəfdarlarını və xalqı öz ətrafında yaxşı birləşdirsəydi və siyasi rəqiblərini lazımınca zərərsizləşdirsəydi, başına bu qədər iş gəlməz, həbs həyatı, məhrumiyyətlər, iztirablar yaşamazdı.
Nikol Paşinyanın şansı onda gətirib ki, yaşadığı regionda baş verən bu sayaq ekstremal siyasi hadisələrdən, proseslərdən xəbərdardır, yanlış və qətiyyətsiz adamların onun ölkəsini və özünü (eləcə də tərəfdarlarını) hara aparacağını yaxşı anlayır. Ona görə də o, papağını başına yan qoyub gəzir.
Bir şeyi də nəzərə almaq lazımdır ki, sözügedən liderlər dövlət başında fərqli zamanlarda fərqli situasiyalarda olublar, ona görə də siyasi taleləri bu qədər fərqlidir.
Xalid KAZIMLI