Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla ərazi mübadiləsi variantının mümkünlüyündən danışıb.
Medianews.az-ın məlumatına görə, 7 iyun parlament seçkiləri öncəsi bölgələrə təşviqat turuna çıxan baş nazir deyib ki, Başkənd probleminin həlli variantlarından biri mübadilə ola bilər.
Paşinyan Başkəndin adını Artsvaşen kimi hallandırıb.
O bildirib ki, erməni tərəfi artıq bunu bir gərginlik mövzusu kimi qəbul etmir. Paşinyanın fikrincə, Azərbaycanla sərhədlərin delimitasiyası prosesini elə yekunlaşdırmaq, kadastr sənədindəki xətləri elə çəkmək lazımdır ki, Azərbaycan və Ermənistanın gələcək nəsillərinin bu mövzuya qayıtmağa ehtiyacı olmasın.
Xatırladaq ki, 1988-ci ildə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə təcavüzə çevrilib.
1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və “Dağlıq Qarabağ milli şurası” adlı qondarma qurumun birgə iclasında Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.
1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Qarabağ Ermənistan ərazisi kimi tanınıb.
1991-ci il sentyabrın 2-də Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub.
5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul olunub. 27 noyabr 2005-ci il və 6 dekabr 2015-ci ilin referendumlarında yenilənən konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbi qoyur.
1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbi və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğal altına düşüb.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair sazişin mətni paraflanıb. Sənədə görə, tərəflər 1991-ci ildə dağılmış Sovet İttifaqının respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlikdə bu şəkildə tanındığını təsdiq edir, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır.
Sovet dövründə müəyyənləşmiş sərhədlərlə götürəndə Azərbaycanın 4 kəndi (Sədərək rayonunun Kərki, Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri) Ermənistanın nəzarətindədir. Gədəbəy rayonunun Başkənd kəndi isə sovet dövründə Ermənistan ərazisinə aid olub. Yəni sovet dövrünün sərhədləri ilə götürəndə Ermənistanın 1 kəndi Azərbaycanın nəzarətindədir.
Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndlərinin hamısı Ermənistan ərazisi ilə, Başkənd kəndi isə Azərbaycan ərazisi ilə əhatə olunub.