Bu rejim əslində resursların israfıdır. Çox insan düşünür ki, paltaryuyan maşında sürətli yuma rejimi həm vaxta, həm də suya qənaət etməyin ağıllı yoludur.
Medianews.az Lent.az-a istinadən xəbər verir ki, təmir üzrə mütəxəssislər bunun geyimlərimiz, büdcəmiz və ətraf mühit üçün ən pis seçimlərdən biri olduğu barədə xəbərdarlıq edir.
Həqiqətən su və enerjiyə qənaət edən rejim hansıdır?
Ən yaxşı seçim ECO rejimidir. Son 10 ildə istehsal olunan demək olar ki, bütün paltaryuyan maşınlarda bu proqramın bir versiyası mövcuddur. Bu rejim həm su sərfini, həm də elektrik xərclərini minimuma endirmək üçün xüsusi hazırlanıb.
ECO rejimi standart proqramlardan fərqli işləyir. O, yuma temperaturunu bəzən xeyli dərəcədə azaldır və daxili sensorlar vasitəsilə yüklənmənin həcmini müəyyən edərək lazım olan su miqdarını avtomatik tənzimləyir. Aşağı temperaturun təsirini kompensasiya etmək üçün proqramın müddəti uzadılır. Adətən bu müddət 90 dəqiqədən 3 saata qədər olur. Bu uzun müddət çatışmazlıq deyil, əksinə, ECO rejiminin effektivliyini təmin edən əsas amildir.
Bununla belə, bəzi məqamları nəzərə almaq lazımdır:
- ECO rejiminin effektivliyi marka və qiymət səviyyəsindən asılı olaraq dəyişir — daha bahalı maşınlar adətən daha inkişaf etmiş sensor texnologiyası təqdim edir.
- Hər dəfə yalnız ECO rejimindən istifadə etmək ideal deyil — müxtəlif proqramlardan istifadə maşının daxili hissələrinin ömrünü uzadır.
- Əgər paltaryuyan-quruducu cihazınız varsa, unutmayın ki, qurutma funksiyası təkcə yuma rejimlərinin hamısından daha çox elektrik sərf edir.
- Sintetik və ya pambıq üçün nəzərdə tutulan proqramlar hər zaman ECO rejimindən daha effektiv olmur, baxmayaraq ki, daha “güclü” görünə bilər.
Bəs sürətli rejimdən nə vaxt istifadə etmək lazımdır?
Onu yalnız zəruri hallarda istifadə edin. Məsələn, bir paltarı mütləq qısa müddətdə yumaq lazım olduqda və başqa seçim olmadıqda. Hətta az çirklənmiş paltarlar üçün belə, tam yüklə ECO rejimində yuma daha yaxşı nəticə verir və daha az resurs sərf olunur.