Təxminən 10 il öncəydi, 11-cilərin riyaziyyat fənni üzrə buraxılış imtahanlarının nəticəsini yoxlayan müəllim (DİM-ə cəlb edilənlərdən biri) bir gülməli və ibrətamiz epizoddan bəhs etdi. Müəllimin sözlərinə görə, riyaziyyat üzrə testə salınan məsələlərdən biri basketbolçu qızlar haqda olub və şagirdlərdən biri verilən cavab variantlarına özündən başqa bir variant əlavə edib: “Yaxçi qız basketbolçu olmaz”.
Vəssalam. Qərar verildi. Cavab budur: “Yaxşı qız basketbolçu olmaz”. Əgər o basketbolçudursa, demək, artıq pis qızdır, üzdəniraqdır və onunla bağlı riyazi məsələ olmamalı və həll edilməməlidir.
Bu təkcə şagirdin riyaziyyat üzrə biliyinin sıfır olması deyil, dünyagörüş, zehniyyət məsələsidir. Ölkədə minlərlə, bəlkə də on minlərlə bu qafada olan gənc var.
Onlar düşünürlər ki, yaxşı qız 9-cu sinifdən sonra məktəbdən çıxar, evdə oturar; yaxşı qız repetitor yanına getməz, abituriyent olmaz; yaxşı oğlanın bacısı tələbə olub yad oğlanlarla bir auditoriyada oturmaz; yaxşı atanın qızı idmanla məşğul olmaz; yaxşı ana qızını 17-18 yaşında ərə verər və sair və ilaxır.

“Bir cənub şəhərində” filmindəki “sürücü Həsən” obrazını yaşadan bu şəxslər plintus səviyyəli söhbətləri kafe-çayxanalarda, bir araya gəldikləri ortamlarda eninə-uzununa edir, ehkam kəsirlər və özlərindən daha kiçiklər üçün “yaxşı oğlan”ın və “yaxşı qız”ın kriteriyalarını müəyyənləşdirirlər.
Axtarsan, belələri ömürlərində dərsdən kənar bir kitab belə oxumayıblar, hətta heç dərs kitablarının arasını da düz-əməlli açmayıblar. Yanlarında Drayzer, Steynbek, Vonnequt, Selincer, Markes adı çəksən, söhbətin futbolçulardan getdiyini zənn edərlər, baxdıqları filmlər qorxu və detektiv janrındadır. Hamısı “Polad Ələmdar”la “Memati”ni tanıyır. Sözləri-söhbətləri kriminal aləmin avtoritetləridir və bunlar da “vor”lar kimi yaşamağı xəyal edirlər.
Yaxşı təhsil almaq, karyera qurmaq, dünyaya açılmaq, ölkəni idarə edənlərdən olmaq istəyən gənclərlə həyatın dibində eşələnən, günlərini avaraçılıqla keçirənlər arasında dərin bir uçurum var. İnlar sanki ayrı-ayrı ölkənin vətəndaşları, fərqli xalqların nümayəndələridir. Ona görə də bir-birlərinə yaddırlar və bir-birini həzm edə bilmirlər.
Motosikletlə faciəvi qəzaya uğrayan gənc qızın hadisəsinə belə adamların “yaxşı qız motosiklet sürməz” prizmasından yanaşmaları bu baxımdan təbii, eyni zamanda acınacaqlıdır.
Bu düşüncə onları xoşbəxt etməyəcək. Bu zehniyyət üzündən hərəsi bir problemlə üzləşəcək. Biri məhəlləyə qızla gələn oğlanla dalaşacaq, bıçağa əl atacaq, biri onun avtomobilinin salonuna zəndlə baxan yol iştirakçısının üstünə vintaçanla cumacaq, biri şəhərin o başında marketdə işləyən qızın qardaşının qeyrəti ilə bağlı mənfi söz deyəcək, ağzının payını alacaq, biri başqa bir “yaxşı oğlan”ın yanında “səhv” buraxacaq, başına təsbeh zərbəsi alacaq və s.
Bir sözlə, bu düşüncədə olan, özlərinin formalaşdırdığı əxlaq qaydalarının keşikçisi olan, hər kəsə qınaq prizmasından baxan, öz ehkamlarının əsirinə çevrilən bu gənclər öz dünyalarında yaşayacaqlar və onlar kimi olmaq istəməyənlərə qarşı çıxacaqlar. Onları 20-ci əsrin əvvələrində ABŞ-də yaşayan və müasir həyata uyğunlaşmayan, texnoloji nailiyyətlərdən istifadədən imtina edən hindu qəbilələrinə də bənzətmək olar, amma fərq ondadır ki, bunlar müasir texnologiyaları qəbul edir və bu cihazlardan öz ehkamlarını yaymaq, düşüncələri ictimailəşdirmək, onu-bunu mühakimə etmək üçün istifadə edirlər.
Elmə, təhsilə, savada əlçatanlığın bu qədər rahat olduğu bir dövrdə nədən müasir gənclər kütləvi şəkildə cəhalətə yuvarlanır, ötən əsrlərin qavrayışlarına meyllənir, gerçəkdən mat qalmalı işdir. İctimai nəqliyyatda kitab oxuyanlar heç, bir sinif kimi ləğv olunub gediblər, hamı əlindəki telefona baxır. Bəs onlar bu universal cihazdan nəsə öyrənmək, dünyagörüşlərini genişləndirmək üçün istifadə edirlərmi? Əsla. Tam əksəriyyəti ya oyun oynayır, ya ad qoyub təsnif etdikləri kimi “mırt video”lara baxır, ya da başqa iyrənc məqsədlər üçün yararlanırlar.
Əslində bu cür infragerilikçi zehniyyətin qarşısında duran ultramüasir gəncliyin də davranışlaında redaktə edilməsi, əndazəyə salınası məqamlar var. Amma bu, başqa söhbətin mövzusudur. Əcnəbiləri yamsılamaq meyli 50 il öncə də dəbdə idi.
Motosiklet sürən mərhum gənc qız isə, həmyaşıdlarının dediyinə görə, çox yaxşı qız olub, ani bir ehtiyatsızlıq onu həyatdan qoparıb.
Xalid KAZIMLI