Naxçıvan Muxtar Respublikasında ən mühüm vəzifələrdən ikisi boşdur: Ali Məclisin sədri və baş nazir vəzifələri.
Medianews.az bildirir ki, Ali Məclisin sədri vəzifəsi 3 ilə yaxındır vakantdır. 2022-ci il dekabrın 21-də Vasif Talıbov Ali Məclisin sədri vəzifəsini tərk edib. Həmin vaxtdan sədrin birinci müavini həm də sədrin səlahiyyətlərini icra edir. 2023-cü il oktyabrın 5-dək bu vəzifəni Azər Zeynalov, 2024-cü il sentyabrın 26-dək Anar İbrahimov tutub. 2024-cü il sentyabrın 26-dan Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovdur.
Baş nazir vəzifəsi isə 1 aya yaxındır vakantdır. 2025-ci il noyabrın 12-də Ceyhun Cəlilov Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi təyin olunması ilə əlaqədar baş nazir vəzifəsini tərk edib. Hazırda Naxçıvan Muxtar Respublikasının baş nazirinin səlahiyyətlərini baş nazirin birinci müavini Elşad Əliyev icra edir.
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi postu 2022-ci il dekabrın 22-də təsis olunub. 2025-ci il noyabrın 12-dək bu vəzifəni Fuad Nəcəfli tutub.
Naxçıvan Konstitusiyasına görə, Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir. Lakin bu müddəanın yaxın zamanda dəyişəcəyi gözlənilir. Belə ki, bu il Ali Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsi qəbul edib. Layihə hazırda Milli Məclisdədir. Ali Məclisin Naxçıvan Konstitusiyasına etdiyi dəyişiklik Milli Məclisdə konstitusiya qanunu ilə təsdiqləndikdə qüvvəyə minə bilər. İyunun 21-də Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Layihədə əksini tapan dəyişikliklərdən biri də Ali Məclis sədrinin Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olduğuna dair müddəanın Naxçıvan Konstitusiyasından çıxarılmasıdır.