Medianews.az
Müəmmalı gediş –
82 baxış

Müəmmalı gediş – Elçibəyin paytaxtı tərk etməsinin açılmamış sirri

Bu, bəlkə də son yüz ilin ən müəmmalı hadisəsidir: hələ də ölkəmizdə heç kəs 1993-cü ilin iyun ayının 17-dən 18-nə keçən gecə prezident Əbülfəz Elçibəyin paytaxtı necə, nəyə görə, hansı mülahizələri əsas tutaraq tərk etdiyi barədə səhih bilgiyə malik deyil.

Ortada yalnız ehtimallar, yarımçıq izahatlar, o qədər güclü olmayan arqumentlər, ciddi dəlillərə söykənməyən ittihamlar, emosional haqq qazandırmalar var.

Düzdür, ölkədə qiyam və paytaxta doğru irəliləyən qiyamçılar vardı və onlar Hacıqabul rayonundakı Nəvai kəndinə qədər gəlmişdilər, amma bir zərbəyə bənd idilər ki, çıxdıqları yerə qayıtsınlar. Dövlətin resurslarını, hakimiyyətdə olan siyasi təşkilatların (AXC və Müsavat partiyasının) potensialının bir hissəsini səfərbər etmək kifayət idi ki, adı alay olan, amma batalyona bərabər şəxsi heyətlə paytaxta yürüyən başıpozuq qüvvələrə yerini göstərsin.

Fəqət qiyamçılara heç bir müqavimət göstərilmədi və prezident Elçibəy gecəyarısı paytaxtı təyyarə ilə tərk etdi. O, ölkədən çıxmasa da, paytaxtdan, iqamətgahından çıxmaqla komandasını və tərəfdarlarını hərbi qiyama qalxmış, eləcə də onlara qoşulmuş siyasi qiyamçıların önündə lidersiz buraxdı və bu, məğlubiyyətə səbəb oldu.

Nə qədər başqa don geydirsək də, malalasaq da, bu gedişin zərurətinə dair əsaslı və zəif arqumentlər gətirsək də, həqiqətin eybəcər üzü belədir.

Pezidentin paytaxtı tərk etmək qərarı kollegial şəkildə qəbul olunmuş qərar olsa, düşünmək olardı ki, başqa yol olmayıb. Ancaq hadisədən sonra aydın oldu ki, hakimiyyətdə olduğu zaman, demək olar ki, bütün həlledici qərarları uzun müzakirələrdən sonra, komandası ilə məsləhətləşərək qəbul edən Elçibəy bu dəfə təkbaşına qərar verib. O, gedişi barədə ən yaxın silahdaşlarına, nə parlamenti sədri vəzifəsini tərk etmiş İsa Qəmbərə, nə baş nazir postundan istefa vermiş Pənah Hüseynə, nə yeni favoriti, 1 ay öncə dövlət katibi vəzifəsinə təyin etdiyi Əli Kərimliyə, nə də AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevə məlumat verməyib.

Əsas müəmma da budur. Kim bilir, bəlkə onlar bu gedişdən məlumatlı olsaydılar, tutarlı arqumentlə Elçibəyi bu addımdan çəkindirərdilər?

Hadisədən 3 gün öncə parlamentin sədri seçilmiş Heydər Əliyevin iyunun 18-də, baş vermiş hadisədən sonra dövlət teleradiosu ilə çıxış edərkən dediyi sözlərə görə, onun da Elçibəyin paytaxtı tərk etməsindən xəbəri olmayıb. Əliyev çıxışında belə deyirdi: “İyunun 17-dən 18-nə keçən gecə Azərbaycan prezidenti Əbülfəz Elçibəy heç kimə xəbər vermədən naməlum istiqamətə uçmuşdur”.

Düzdür, tezliklə həmin “naməlum istiqamət”in Elçibəyin doğma kəndi Kələki olduğu aydın oldu, amma ilk informasiyanın xalqda yaratdığı təəssürat daha konkret idi: “Elçibəy qaçıb”. Adam ölkədəydi, prinsipcə, səlahiyyətlərinin icrasına davam edə bilərdi, amma tərəfdarları da, rəqibləri və düşmənləri də, sadə xalq da icra edilmiş aktın məhz qaçış olduğu qənaətində idi.

İyunun 17-i günü Elçibəylə görüşən baş nazirin müavini Rəsul Quliyev, AMİP sədri Etibar Məmmədov və başqaları da prezidentin bir neçə saatdan sonra paytaxtı tərk edəcəyini bilməyiblər.

Təəssüf ki, Elçibəy özü bu sirri sona qədər açmadı, ya nəyə görəsə aça bilmədi, ya da ortada heç bir müəmma, sirr-filan yox idi, hər şey açılmışdı və bu, heç kəsi qane etmirdi, ağlabatan izah kimi görünmürdü.

Elçibəy yaxınlaşmaqda olan vətəndaş müharibəsinin qarşısını almaq üçün bu addımı atdığını deyirdi. Doğrudan da artıq o “vətəndaş müharibəsi”nin ilk toqquşması baş vermiş, hökumət zərbə almışdı, cavab zərbəsi endirmək haqqı dövlətdə idi, qiyamçılar legitim hədəf halındaydı və onların məhv edilməsi qanuni nəticə olacaqdı. Elçibəy bu addımı atmadı.

Bir də onun sonradan dediyi bir ifadə var: “Mən Türkiyəni işə qatmaq istəmədim, Rusiya ilə üz-üzə qalacaqdı”.

Fəqət o da aydın oldu ki, Azərbaycanda hərbi qiyam yolu ilə dövlət çevrilişi etmək təşəbbüsü RF prezidenti Boris Yeltsindən və onun yaxın tərafından gəlməyib, yalnız müdafiə naziri Pavel Qraçov bu işdə maraqlı olub. O, eks-prezident Ayaz Mütəllibovu, dostu Rəhim Qazıyevi və maşası Surət Hüseynovu dövlət başına gətirmək istəyib.

Başqa sözlə, Elçibəy iqtidarının qiyamçılara müqavimət göstərməsi kifayət edəcəkdi ki, Kremlin bu hərbi kampaniyanın arxasında olmadığı ortaya çıxsın. Ondan sonra hər şey ilməsi qaçmış corab kimi sökülə-sökülə gedəcəkdi.

Bütün bunlar olmadı. Nəticədə ölkədə təkcə dövlət çevrilişi və hakimiyyət dəyişikliyi baş vermədi, həm də ölkə ərazisinin 20 faizi erməni işğalı altına düşdü, digər bölgələrdə separatçılıq baş qaldırdı, dövlətin və xalqın ağır günləri başlandı.

Bu baxımdan iyunun 18-i gecəsi baş verən hadisə iyunun 4-də baş vermiş qiyam aktından daha məşum və həlledici oldu. Biz bu hadisə ilə bağlı təfərrüatları tam bilmirik, ya da, yuxarıda dediyimiz kimi, təfərrüatlar elə bildiyimiz qədərdir, amma bu, bizi qane etmir.

Elçibəyin paytaxtdan Kələkiyə gedişinə şahmat oyunu prizmasından yanaşanda, yenə aydınlıq hasil olmur. Bu, Piyada gedişi deyildi, At, Fil, Top gedişinə də oxşamır. Vəzir belə hərəkət etmir, sona qədər sağa-sola həmlə edir. Şah isə bütün fiqurlarını, piyadalarını itirəndən sonra taxtada tək qalanda təslim olur. Bəlkə Elçibəy əsas fiqurlarını qurban verərək, siyasət taxtasının üstündə tək qalmışdı? Belə düşünənlər də var.

Xalid KAZIMLI

Bizə qoşulun