Braziliyanın “San Paulo” klubunda çıxış edən dünyaca məşhur futbolçu Oskar məşq zamanı qəfil ürək ritminin pozulması səbəbindən huşunu itirib.
Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə zamanı meydanda ilkin tibbi yardım göstərilən futbolçu daha sonra xəstəxanaya yerləşdirilib.
Klubdan verilən məlumata görə, 34 yaşlı futbolçunun hazırda vəziyyəti stabildir və o, əlavə tibbi müayinələr üçün həkim nəzarətində saxlanılır.
“San Paulo” klubunun rəsmi açıqlamasında qeyd olunur:
“Çərşənbə axşamı səhər SuperCT bazasında 2026-cı il mövsümünə hazırlıq çərçivəsində aparılan müayinələr zamanı futbolçu Oskarın ürək ritmində bəzi pozuntular aşkarlanıb. Klubun tibbi heyəti və Eynşteyn Xəstəxanasının mütəxəssisləri dərhal müdaxilə ediblər. Oskar xəstəxanaya köçürülüb, vəziyyəti klinik cəhətdən sabitdir və diaqnozu dəqiqləşdirmək üçün əlavə testlər aparılır”.
Klub, futbolçunun şəxsi həyatına hörmətlə yanaşılacağını və yalnız tibbi heyət tərəfindən təsdiqlənən yeni məlumatların ictimaiyyətlə paylaşılacağını bildirib.
Məşhur futbolçunun qəfil səhhət problemi azarkeşlər arasında narahatlıq yaradıb.
