Məişət zorakılığı cəmiyyətin ən həssas və narahatedici problemlərindən biri olaraq qalır.
Medianews.az xəbər verir ki, ailədaxili zorakılığın yaratdığı psixoloji və sosial fəsadlar uzunmüddətli təsirlərə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, məişət zorakılığı yalnız qurbana deyil, ailədə böyüyən uşaqlara da mənfi təsir göstərir. Uşaqlarda aqressiv davranışlar, psixoloji travmalar, təhsil göstəricilərinin zəifləməsi və gələcək münasibətlərdə problemlər yarana bilər.
Belə hallar depressiya, təşviş pozuntusu, özünəinamın itməsi, sosial təcrid, yuxu problemləri və daimi stresslə nəticələnə bilər. Fiziki zorakılıq isə müxtəlif xəsarətlərə, sağlamlıq problemlərinə və bəzi hallarda həyat üçün təhlükəli vəziyyətlərə səbəb olur.
Ekspertlər hesab edirlər ki, problemin həlli üçün cəmiyyətin bütün təbəqələrinin bu məsələyə həssas yanaşması vacibdir.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən məişət zorakılığı qurbanları üçün mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.