Medianews.az
Məhkəmə vətəndaş olmadan qərar verə bilər? –
70 baxış

Məhkəmə vətəndaş olmadan qərar verə bilər? – Vəkil Esmira Rzayeva açıqladı

Azərbaycanda bir çox vətəndaşlar hesab edir ki, məhkəmə iclasında iştirak etmədikdə iş avtomatik olaraq təxirə salınır. Lakin qanunvericilik bəzi hallarda məhkəməyə tərəfin iştirakı olmadan da işə baxmaq və yekun qərar qəbul etmək imkanı verir.

Medianews.az bildiri ki, mövzu ilə bağlı  Oxu24.com-a  açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi müəyyən prosedur qaydaları çərçivəsində məhkəmənin vətəndaşın iştirakı olmadan qətnamə çıxarmasını nəzərdə tutur.

Vəkilin sözlərinə görə, əgər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılıbsa, lakin üzrlü səbəb göstərmədən iclasa gəlmirsə və iddiaçı da buna etiraz etmirsə, işə qiyabi icraat qaydasında baxıla bilər.

Bu halda məhkəmə qiyabi qətnamə qəbul edir. Cavabdeh həmin qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün ərzində onun ləğvi üçün ərizə verə və ya 30 gün müddətində apellyasiya şikayəti təqdim edə bilər. Məhkəmə gəlməmənin səbəbini üzrlü hesab edərsə, qiyabi qətnamə ləğv edilə bilər

Esmira Rzayeva qeyd edir ki, borc münasibətləri ilə bağlı işlərdə də tərəflər çağırılmadan qərar verilə bilər. Əgər kreditorun tələbi açıq və sənədlərlə təsdiqlənmişdirsə, məhkəmə işə əmr icraatı qaydasında baxaraq 3 gün ərzində məhkəmə əmri çıxara bilər.

Borclu əmri aldıqdan sonra 10 gün müddətində etiraz verərsə, məhkəmə əmri ləğv edilir və iş artıq tərəflərin iştirakı ilə iddia icraatı qaydasında baxılır.

Qanunvericiliyə əsasən, mülki işlər üzrə iddianın məbləği 5000 manatdan, kommersiya mübahisələrində isə 10 000 manatdan az olduqda işə sadələşdirilmiş qaydada baxılır. Bu zaman məhkəmə 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə iclası keçirmədən qətnamə qəbul edir.

Əgər tərəflər qərardan şikayət verməzsə, qətnamə qəbul edildiyi gündən bir ay sonra qanuni qüvvəyə minir.

Vəkil Esmira Rzayeva vətəndaşlara müraciət  edərək bildirib ki, məhkəmə bildirişlərinə məhəl qoymamaq hüquqi nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, rəsmi qaydada xəbərdar edilmiş şəxsin iclaslarda iştirak etməməsi məhkəməyə onun iştirakı olmadan da qərar çıxarmaq imkanı verir.

“Vətəndaşlar ünvan və əlaqə məlumatlarını düzgün təqdim etməli, məhkəmə sənədlərini vaxtında qəbul etməli və qanunla nəzərdə tutulmuş müddətlərdə öz hüquqlarını müdafiə etməlidirlər”, – deyə vəkil vurğulayıb.

Bizə qoşulun