23 ildir səyahət verilişlərinin aparıcısı, Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının rəhbəri olan Azər Qərib AzTV-nin Teleradio Akademiyasında gənc müdavimlərlə görüşdə səyahət jurnalistikası, şəxsi təcrübələri və həyat fəlsəfəsi haqqında fikirlərini bölüşüb.
Azər Qərib bildirib ki, jurnalistikaya marağı uşaqlıqdan yaranıb və ilk yazısı 12 yaşında qəzetdə dərc olunub. Onun sözlərinə görə, səyahətə olan sevgisi zamanla jurnalistika ilə birləşərək fəaliyyət istiqamətini müəyyənləşdirib. Qərib 2003-cü ildə ANS televiziyasında səyahət verilişi ilə fəaliyyətə başlayıb və uzun illərdir bu sahədə çalışır.
“Səyahət mənim həyatımdır… Kimsə pul yığır, ev və ya maşın alır. Mən isə qazancımı səyahətlərə sərf edirəm. Nə qədər ki, ayaqlarım yeriyir, səyahət edəcəyəm”, – deyə o qeyd edib.
Azər Qərib gənclərə səyahətə başlamaq üçün büdcələrinə uyğun ölkələr seçməyi tövsiyə edib. O bildirib ki, əvvəllər sərhədlərin bağlı olması səyahəti çətinləşdirirdi, lakin hazırda aviaşirkətlərin çoxluğu, hostel və ucuz qida imkanları gənclər üçün bu prosesi daha əlçatan edib.
Jurnalist texnologiyanın inkişafı ilə media sahəsində böyük dəyişikliklərin baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, artıq telefon vasitəsilə video çəkilişi və montaj etmək mümkündür ki, bu da jurnalistlərin işini xeyli asanlaşdırıb.
Azər Qərib indiyədək 108 ölkəyə səfər etdiyini bildirib. O qeyd edib ki, hər bir ölkə fərqli təcrübə və xatirələrlə yadda qalır. Hindistan və Yaponiya isə onda xüsusi təəssürat yaradan ölkələrdir. Hindistanda ilk səfərində antisanitariya və kasıb həyat tərzinin onu təəccübləndirdiyini, sonrakı səfərlərin isə bu ölkəyə münasibətini dəyişdiyini deyib. Yaponiya isə yüksək texnologiya və inkişaf səviyyəsi ilə onun diqqətini çəkib.
Jurnalist Çin və Koreyanın sürətli inkişafını qeyd edərək bəzi sahələrdə Avropanın geridə qaldığını da vurğulayıb.
Onun fikrincə, fərqli mədəniyyətləri görmək insanın dünyagörüşünü və həyat fəlsəfəsini formalaşdırır. Qərib bildirib ki, ən çox sevdiyi ölkələrdən biri də İtaliyadır və bunu həmin ölkənin temperament və ailə dəyərlərinin Azərbaycan mədəniyyətinə yaxın olması ilə izah edib.
Azər Qərib jurnalistlər üçün xarici dillərin öyrənilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, dil yalnız sözlərdən ibarət deyil, həm də intellekt və ünsiyyət mədəniyyətidir.
Sonda o qeyd edib ki, jurnalistikanın əsasını savad, bilik və daim öyrənmək təşkil edir. Azər Qərib gələcəkdə Avstraliya və Yeni Zelandiyaya səfər etməyi planlaşdırdığını bildirib. Jurnalistin sözlərinə görə, ən uzun uçuşu isə İstanbuldan Braziliyanın San Paulo şəhərinə 14 saat davam edən səfər olub.