Medianews.az
Mediada Azərbaycan dilinin normaları:
54 baxış

Mediada Azərbaycan dilinin normaları: mövcud vəziyyət və çağırışlar

Son dövrlər media məkanında Azərbaycan dilinin ədəbi normalarının qorunması məsələsi geniş müzakirə olunur. Xüsusilə də, televiziya və yazılı mediada dil qaydalarına əməl olunması, jurnalistlərin sözə və nitq mədəniyyətinə məsuliyyəti ön plana çıxıb. Bu mövzu Teleradio Akademiyasında keçirilən təlimlər çərçivəsində də diqqət mərkəzindədir. Təlimlərdə media məkanında Azərbaycan dilinin düzgün istifadəsi, ədəbi dil və orfoepiya normalarının qorunması, mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə edilir.

Medianews.az xəbər verir ki, mövzu ilə bağlı Teleradio Akademiyasının Fokus qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova müsahibə verib.

Mediada Azərbaycan ədəbi dili normalarının qorunması və jurnalistlərin bu normalara əməl etməsi ilə bağlı fikirlərinizi bölüşməyinizi xahiş edirik:

“Azərbaycan dilinin ədəbi dil normalarının qorunması hər birimiz üçün mühümdür, xüsusilə də, jurnalistlər üçün. Çünki biz jurnalistlər media olaraq ötürdüyümüz bütün məlumatları, informasiyaları və danışdığımız sözləri cəmiyyətə çatdırırıq. Cəmiyyət də bizim sözlərimizdən fikir yaradır. Əgər bu sözləri televiziya deyibsə, televiziyadan jurnalist və aparıcı bizə belə səslənibsə, deməli, biz bu sözləri istifadə edə bilərik, lakin elə deyil. Çox təəssüflər olsun ki, bu dəqiqə həm efir məkanı, həm də yazılı mediamızda Azərbaycan dilinin ədəbi dil normaları və orfoepiya qaydaları ciddi şəkildə pozulur. Bununla bağlı Prezident İlham Əliyevin son müraciətindən sonra jurnalistlərin üzərinə daha böyük məsuliyyət düşür. Artıq biz əvvəllər bununla mübarizə aparırdıqsa, bundan sonra daha məsuliyyətli olmaq borcumuzdur. Bununla yanaşı, bu gün Teleradio Akademiyasında təşkil olunan təlimlər də bunu sübut elədi ki, media fəal işə keçib. Yəni biz ancaq söz deməklə kifayətlənmirik. O cümlədən, bütün media kapitanları, nəinki Teleradio Akademiyası, Azərbaycanda media ilə əlaqəli bütün qurumlar, hətta Elmlər Akademiyası və Dilçilik İnstitutu belə Azərbaycan dilinin ədəbi dil normalarının qorunması ilə bağlı ciddi işlər görür. İnanırıq ki, bu işlər nəticəsini verəcək və görülən işlər sözdə qalmayacaq”.

Aynur xanım, Teleradio Akademiyasının Fokus qrupu və BDU Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasındakı işləriniz media və jurnalistika təlimlərinə necə təsir göstərir?

“Əslində, mən həm də ARB24 televiziyasında daxili monitorinqləri aparıram. Artıq 5 ildir ki, biz bu işlə məşğul oluruq. Yəni şirkət, televiziya daxilində müəyyən verilişləri, saatların xəbərlərini və ya digər lazım olan məqamları monitorinq edirik. Bu monitorinqlərin nəticələrinə uyğun olaraq real işlər ortaya qoyuruq. Bu təkcə monitorinqlə kifayətlənmir. Biz həm də səhvlərimizi tapır, onları düzəldirik və çalışırıq ki, səhvlər təkrarlanmasın. Növbəti dəfə də bu monitorinqi davam etdiririk və bütün problemlərin aradan qaldırılmasını izləyənə qədər bunu dayandırmırıq.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində də eyni işləri görürük. Tələbələrə dilimizlə və Azərbaycan dilinin qayda-qanunları ilə bağlı dərslərimiz var. Nitq mədəniyyəti dərsimizdə də çalışırıq ki, tələbələrə bu bilikləri ötürək. Əlavə olaraq, TV jurnalistikası, radio jurnalistika və qəzet jurnalistikası dərsləri var. Bütün bu dərslərdə həmin problemləri tələbələrə göstəririk və onların da bu səhvləri etməməsi üçün real təcrübə ilə dərsləri keçirik, yəni biri digərinə mane olmur. Əksinə, kömək edir.

Çünki monitorinqin nəticələrində olan səhvləri tələbələrlə bölüşürük və deyirik ki, məsələn, bu dəqiqə mediada bu səhvlər var; siz çalışın ki, bu səhvləri etməyin. Yəni bu tip işlər bizə çox kömək edir. Məsələn, mən əminliklə deyə bilərəm ki, bəzi sözləri monitorinq nəticəsində dildən tamamilə çıxartmağa nail olmuşuq. Məsələn, “seçkilər” sözünü nümunə gətirmək istəyirəm. “Seçkilər” artıq ARB24 TV-də “seçkilər” kimi səslənmir; “seçki” kimi səslənir. Çünki bu, rus dilindən gəlmə sözdür. Rus dilində bəzi sözlər cəm halında deyilir, amma Azərbaycan dilinə tərcümə olunanda cəm şəkilçisi çıxarılmalıdır. Yəni “qayçılar” demirik, “qayçı” deyirik; eləcə də “seçkilərdə” sözündə də cəm şəkilçisini çıxartmalıyıq və “seçki” deməliyik. Biz çalışırıq ki, Teleradio Akademiyasında keçirilən təlimlər nəticəsində bu sözləri nəinki bir televiziyanın efirindən, hətta bütün media məkanından yığışdıraq. Ümid edirəm və inanıram ki, bu gün təlimlərə başlayan peşəkar müxbirlər, redaktorlar və aparıcılarla birlikdə iş birliyimiz nəticəsində dilimizin qorunmasına nail olacağıq”.

Aynur xanım, bugünkü mövzumuz Azərbaycan ədəbi dilinin media məkanında rolu olduğuna görə soruşmaq istəyirəm: Jurnalistika təcrübəsi və təlim perspektivindən media dilimiz hansı səviyyədədir?

“Media dilimiz bu dəqiqə orta səviyyədən aşağıdır. Niyə aşağı səviyyədədir? Çünki bir var jurnalist televiziyası, digəri isə qeyri-jurnalist televiziyası. Jurnalist televiziyasında bu orta səviyyədən yuxarı ola bilər. Yəni informasiya, xəbər tipli, analitik verilişlərdə dilimiz o qədər də korlanmır. Bəzi nüanslar var ki, onların qarşısı alınır. Amma qeyri-jurnalist televiziyalarında, məsələn, tok-şou tipli verilişlərdə təəssüflər olsun ki, Azərbaycan dilinin normaları çox kobud şəkildə pozulur. Biz heç cür bunun qarşısını ala bilmirik, çünki tok-şou formatında mətnlər əvvəlcədən yazılmır, redaktorun qarşısında da mətn yoxdur. Aparıcılar və ya qonaqlar bədahətən söz işlədirlər. Bununla da Azərbaycan dilinin normalarına zidd sözlər yayılır.

Sözümüzün televiziya kimi bir məkanda işlənməsi çox önəmlidir. Əgər bir söz televiziyada işlənilirsə, artıq xalq, tamaşaçı, izləyici deyir ki, bu söz televiziyada işlənibsə, niyə səhvdir ? Əgər televiziyada işlənirsə, deməli, istifadə edə bilərik. Azərbaycan dilinin keyfiyyətinin aşağı düşməsi daha çox yeni media və sosial media ilə bağlıdır. Ona görə də, problem böyükdür. Təəssüflər olsun ki, bunun qarşısını ala bilmirik. Amma yəqin ki, təbliğatlar, öyrədici verilişlər, universitetlər və Elmlər Akademiyası bu problemlərin qarşısını alacaq”.

Cənab Prezident İlham Əliyev 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin dilə münasibətinə diqqət çəkib. Sizcə, jurnalistlərə böyük məsuliyyət qoyulmadımı?

“Təbii ki, böyük məsuliyyət qoyulub. Nəinki jurnalistlərin, həm də jurnalist yetişdirən universitetlərin və akademiyaların üzərinə böyük məsuliyyət qoyuldu. Cənab Prezidentin Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında da Azərbaycan dili ilə bağlı məqamlar var idi və həmin çıxışlardan sonra mediada bir tərpəniş hiss olundu, media öz məsuliyyətini dərk etməyə başladı. Özfəaliyyətə başladı ki, bu problemlər necə aradan qaldırılsın. Son müsahibəsindən sonra məsuliyyət daha da aktuallaşdı. Ona görə də, Teleradio Akademiyasının mediaya dair təşkil etdiyi təlim bu zərurətdən doğan təlimdir. İnanıram ki, mütəxəssislər, ekspertlər, dilçi alimlər və ustadlarla birgə bu məsuliyyəti yetərincə üzərimizə götürmüşük və nəticələr müsbət olacaq”.

Aynur xanım, mediada işləyən gənc jurnalistlər üçün dilin səlistliyi və düzgünlüyü nə qədər prioritetdir ?

“Təbii ki, dilin səlistliyi və düzgünlüyü çox mühümdür. Əgər düzgün və səlist danışmasaq, Azərbaycan dili necə səlist və düzgün ola bilər ? Yazılan kitablar, göstərilən verilişlər və qəzet səhifələrində dilimiz səlist olmalıdır ki, auditoriyamız daha savadlı olsun. Məsələn, Jurnalistika fakültəsinin birinci kurs tələbələrinə dərsin ilk günündən deyirik ki, bədii ədəbiyyat oxuyun, xüsusilə, klassiklərimizi. Niyə? Çünki jurnalistin söz bazası olmalıdır.

Gənclər sosial şəbəkələrdə öyrəşib ki, “ok” yazılsın, yaxud “tşk”. Həmçinin səsi 2x ilə dinləyirlər. Bu da söz bazasının olmamasına gətirib çıxarır. Artıq insanlar bir-biri ilə danışmırlar. Məsələn, tələbələrdən soruşuruq: “Ən son oxuduğunuz kitab nədir?” Türk dilində kriminal kitabların adlarını çəkirlər. Biz deyirik ki, gedin Azərbaycan klassiklərini oxuyun, türk yox. Köhnə sözlərimizi gətirin. Niyə xarici sözləri dilimizə gətiririk, o sözlərin Azərbaycan dilində qarşılığı ola-ola ? Dədə-Qorquddan o qədər gözəl sözlər itib ki. Bu sözləri niyə dilimizə gətirmirik ? Əslində, o sözlər olub, amma Avropa inteqrasiyası səbəbindən yavaş-yavaş unudulub. Bəzi hallarda bilərəkdən, bəzilərində isə bilməyərəkdən olub. Bu bir nəticə verəcək. Ölkədə həyəcan təbili çalındı ki, Azərbaycan dilinin vəziyyəti bu yerdədir.

Jurnalistika fakültəsindən bəzi tələbələr deyir: “Mən jurnalist olmayacağam, mənə danışmaq lazım deyil.” Sual veririk: “Jurnalist olmayacaqsansa, harada işləyəcəksən?” Biri deyir siyasətçi olacam, digəri isə mətbuat qurumunda olacam. Deyirik ki, bu daha pisdir. Sənə jurnalist zəng edəcək və sual verəcək, əgər səlist cavab verməsən, sənə bir daha müraciət etməyəcək. Televiziyada və radioda səlist nitq təkcə jurnalistə deyil, müsahibəçiyə də lazımdır. Biz yaxşı nitqi olanları müsahib seçirik. Nə qədər savadlı və dünyagörüşü çox olsa da, ekspertin nitqində qüsurlar varsa, onunla çalışa bilmərik. Problemlər həddindən artıq çoxdur. İnşallah öhdəsindən gələcəyik”.

Nəzərə alsaq ki, Fokus qrupu yeni yaradılıb, ilkin mərhələdə medianın dili ilə bağlı hansı məsələləri müəyyən etmisiniz və qarşıdakı dövrdə problemlərin aradan qaldırılması üçün hansı addımlar atılacaq ?

“Əslində, Fokus qrupu Teleradio Akademiyası daxilində yeni yaranıb. Təlimə cəlb olunan jurnalistlərin efirlərini və ya redaktəsindən çıxan materialları monitorinq etməyi nəzərdə tutmuşuq. Bu iş əvvəllər də aparılıb, amma indi problemləri aradan qaldırmağa çalışırıq. Təlimlərin sonunda həmin media qurumlarının əvvəlki, indiki və təlimdəki yazılarını götürüb monitorinq edəcəyik. Görəcəyik ki, təlimlərin xeyri olubmu? Bununla bağlı, media nümayəndələri ilə görüşlər keçirəcəyik. Çalışacağıq ki, iradlar sözdə qalmasın - istər dilçi alimlərin, istər ustadların, istərsə də mütəxəssislərin. Buna görə də, aradan qaldırılsın. Biz bunun üçün çalışırıq”.

Bizə qoşulun