Medianews.az
“Kurtlar Vadisi”nin məşhur malikanəsi satışa çıxarıldı -
56 baxış

“Kurtlar Vadisi”nin məşhur malikanəsi satışa çıxarıldı - FOTOLAR

“Kurtlar Vadisi” serialı ilə yadda qalan tarixi Əbud Əfəndi köşkü satış xəbəri ilə yenidən gündəmə gəlib.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İstanbulun Boğaz sahilində yerləşən bu məşhur malikanənin 15,23 faiz payının 170 milyon TL-yə (təxminən 6,5 milyon manat) satışa çıxarıldığı bildirilir.

Bosfor sahilində, Üsküdarın Kandilli ərazisində yerləşən köşk həm memarlıq xüsusiyyətləri, həm də televiziya tarixindəki rolu ilə seçilir. Tarixi bina Osmanlı dövrünün tanınmış memarı Qarabet Balyan tərəfindən 1835-1855-ci illər arasında inşa edilib.

İkimərtəbəli taxta konstruksiyaya malik olan malikanə ağ fasadı və qırmızı kirəmitli damı ilə Boğaz köşkləri arasında xüsusi yer tutur. Təxminən 1500 kvadratmetrlik ərazidə yerləşən tikilinin əsas sahəsi 270 kvadratmetr, ümumi istifadə sahəsi isə 540 kvadratmetrdir. Alt mərtəbədə qayıq evləri, üst hissədə isə geniş mərkəzi salon və otaqlar yerləşir.

Malikanə 1900-cü ildə Mehmet Əbud Əfəndi tərəfindən satın alınıb və uzun illər ailə iqamətgahı kimi istifadə olunub. Sonrakı dövrdə isə xüsusilə “Kurtlar Vadisi” serialında çəkilən səhnələr sayəsində geniş tanınıb. Serialda güc və nüfuzun simvolu kimi təqdim olunan şura iclası səhnələrinin məhz bu məkanda lentə alınması köşkü televiziya tarixinin simvolik məkanlarından birinə çevirib.

Havadan çəkilən son görüntülər malikanənin Boğaz sahilindəki möhtəşəm yerləşməsini, geniş körpüsünü və ətrafındakı yaşıllıq zonalarını bir daha nümayiş etdirir.

Bizə qoşulun