Medianews.az
Laqondanın reytinqi
46 baxış

Laqondanın reytinqi

Adını çəkmək istəmirəm, çünki aşağı-yuxarı hamısında vəziyyət eynidir, universitetlərimizdən biri açıqlama verib ki, zırıltı beynəlxalq uğur qazanmışıq. Sitat: “İlk dəfə olaraq “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən reytinqdə yer almış dünyada 2000 nüfuzlu universitet arasında Kompüter elmləri və informasiya sistemləri (Computer Science and Information Systems) sahəsində 701–750-ci yerlərdə qərarlaşmışıq”.

Cümlənin erməni budaq cümləsi olmağını heç fikirləşməyək, ancaq mahiyyətə diqqət eləyək. Həmin bu reytinq dünya elm-təhsil dairələrində şübhəli və ciddi qəbul edilməyən reytinqlərdən biridir, çünki formalaşması şəffaf deyil, rəy sorğusu isə hətta... elə ali məktəblərin özündə keçirilirmiş. Yəni, gəlirsən Üstüaçıq Kənd Beynəlxalq Universitetinə (ÜKBU), rektordan beş-on manat (“Allah verəndən” adlı ödəmə üsulu) qopardırsan, əməkdaşlar arasında da sorğu edirsən və onların hamısı bir nəfər kimi dünyada ən zırpı ali məktəbin məhz ÜKBU olduğunu qeyd edir. Vəssalam, reytinq hazırdır. Ta bu cındırından cin ürkən məktəbciyəzin qəbulda keçid balı niyə 200-ə düşür, bunun laboratoriyası, nüfuzlu elmi jurnallarda məqaləsi çıxan əməkdaşları-zadı varmı, niyə bunu qurtaranlar əmək bazarında yalnız 3-cü mikrorayon dairəsindəki körpünün altındakı qul bazarında laqonda işlədən və parketqaşıyan vəzifələri əldə edə bilirlər və sairə suallara ehtiyac qalmır, ən əsas da ona görə ki, bu sualları onlara verməyə mətbuat və jurnalistika da qalmamışdır. Elə bir vəziyyətə gəlmişik ki, “Göydən yerə doğru bina tikiləcək” fantaziyasına inanan “jurnalistlər” epoxasına düşmüşük. Bunu özümdən uydurmuram, haçansa saytlarımızdan birində görmüşdüm. Ciddi məqalə kimi yazmışdılar. Rəhmətlik Svift dirilib gəlsə öz ünlü əsərində Laputa və Balnibarbi bölümünü cırıb atardı, məsələn, “Balaxanı Akademiyası” adlı təzə hissə yazardı.

Görəsən, bizim elm-təhsil camiəsi belə findü-füruş, əndrabadi elmi “uğurlar” əldə etməkdən nə zövq alır? Baxırsan, yekə-yekə adamlardır, 120 dollar verib “Nyu-York Elmlər Akademiyasının üzvü” diplomu əldə edirlər. Neçə rublsa ödəyib, İvana Quba yolunda kabab-araq qonaqlığı verib mənasız “Rusiya Beynəlxalq Ekobioenergetika Akademiyasının akademiki” titulunu adlarının qabağına yapışdırırlar və zərrə qədər xəcalət çəkmirlər. Niyə çəksinlər? Kim onları utandıracaq? Hər kəsin saxtakarlıqla məşğul olduğu mühitdə düzgün adam saxtakar kimi görünür, hörməti-zadı olmur, küçədə istənilən lotu onun üzünə tüpürür.

Sözgəlişi, bizdə hələ də bir dəstə adam paltaryuyan maşını Lütfi Zadə müəllimin kəşf elədiyinə inanır. Kimin hesabına? Təbii ki, Basatın Təpəgözü öldürməsinin budaqlanan alqoritm əsasında baş tutduğunu yazan alimi-biəməllərimizin sayəsində.

Yağış suyundan elektrik enerjisi alan, tozsoranı təzədən kəşf eləyən, kərtənkələyə qanad qoyan yeni və fidan gənclərimiz də yetişir, əlhəmdüllah.

“Kompüter elmləri və informasiya sistemləri” ifadəsini reytinq muştuluğunda elə ağız marçıltısıyla həkk ediblər, tanımasan, içində yaşamasan, ən super və təzə kvant kompüterinin məhz Bakıda, Çəmbərəkənd qəbristanlığının alt tərəfində işlək vəziyyətdə olduğunu zənn edərsən. Əlbəttə, bu uğurlarda xorultusu Aldebaran ulduzuna çatan akademiklərimizin böyük rolu olmuşdur. Fürsətdən istifadə edərək onların hamısına yatdıqları yerdə ölməyi arzulayıram. Ağlınıza pis şey gəlməsin, xalqımızın inancına görə, bu, ən xoşbəxt ölüm forması imiş.

Bəzi pisniyyət insanlar isə bu təhsil uğurlarımızı görmək istəmir, vaxtaşırı “Universitetləri Bakıdan hansı cəhənnəmə köçürək” sualı ilə baş-beynimizi xarab edirlər. Məqsəd aydındır, daha doğrusu, qaradır: istəyirlər universitetlərimizin başı köçməyə qarışsın, gələn il “QS, FISS, ZRT Global Ranking Crt” reytinqində 700-750 universitet arasına girməyi bacarmayaq. Nə qədər mındar adamlar var... Guya bu üsulla probkalar həll olacaqmış. İstəyirlər Bakıdan beyin axını olsun, yerinə isə bölgədən peyin axını dolsun. Nırç, nırç, nırç...

P.S. Yazıya başlıq qoyanda fikirləşdim, görəsən, bu laqonda sözü bizim dildə necədir, çünki bilmirdim. Vikipediyanın tragikomik Azərbaycandilli hissəsini işlədən lotular sən demə bunu belə adlandırıblar: “Ovuc daşlayıcı”. İnanmayan özü baxa bilər. Heyf, 18 plyus yazmaq imkanımız yoxdur, ağlıma gözəl adlar gəlmişdi...

Zamin Hacı

Bizə qoşulun