Böyük Britaniyanın baş naziri Kir Starmer istefaya hazırlaşır. Səbəb onun lideri olduğu hakim Leyboristlər Partiyasında mövqelərinin sarsılmasıdır.
Medianews.az bildirir ki, 1962-ci il təvəllüdlü Kir Starmer 2020-ci il aprelin 4-dən Leyboristlər Partiyasının lideridir.
2024-cü il iyulun 4-də parlamentin alt qanadına - İcmalar Palatasına seçkini Leyboristlər Partiyası udub, iyulun 5-də Kir Starmer baş nazir postuna oturub.
İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirən Böyük Britaniyada kral dövlət başçısı sayılır. Hazırda III Karl (Çarlz) krallıq edir. Hökumət İcmalar Palatasına seçkinin nəticələri əsasında qurulur.
650 yerlik İcmalar Palatasında Leyboristlər Partiyasının 403, ana müxalifətin - Mühafizəkarlar Partiyasının 117, Liberal Demokrat Partiyasının 71 mandatı var. Parlamentdə bir çox başqa siyasi qüvvə və partiyasız şəxslər də yer alır.