Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadənin teleqram hesabı kiberfırıldaqçıların hədəfinə çevrilib.
Medianews.az xəbər verir ki, bu barədə siyasətçi özü sosial şəbəkə hesabında xəbərdarlıq edib.
İqbal Ağazadə bildirib ki, fırıldaqçılar onun şəxsi nömrəsi ilə bağlı teleqram hesabını ələ keçirərək kontaktındakı şəxslərə onun adından mesajlar yazır və kart hesablarına pul köçürülməsini tələb edirlər. Partiya sədri tanışlarından və izləyicilərindən onun adından gələn bu növ mesajlara cavab verməməyi və pul göndərməməyi xahiş edib.
Siyasətçi məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevə də müraciət edərək kömək istəyib:
"Hörmətli Elşad Hacıyev, fırıldaqçıların istifadə etdiyi müvafiq kart nömrələrinin sahibi mənim teleqram nömrəmi oğurlayıb, adımdan kontaktımda olan şəxslərə mesaj yazıb pul istəyir. Xahiş edirəm, bu məsələdə yardımçı olasınız".