Medianews.az
İki xain aqressorun xəyanət günü –
84 baxış

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

Bu gün Almaniya-SSRİ müharibəsinin başlanmasının 85-ci öldönümüdür. 85 il öncə bu gün səhər çağının alatoranında Hitler Almaniyasının qoşunları SSRİ sərhədlərini keçərək ildırım sürəti ilə Moskva üzərinə yürüyüblər.

Sovet dövrü mətbuatında və ictimai tədbirlərdə bu gündən bəhs edərkən mütləq bir söz işlədərdilər: “Hitler Almaniyasının xaincəsinə hücumu”.

Əksəriyyət bu ifadənin nə demək olduğunu doğru-dürüst dərk etmirdi. Bu, hamıya gəlişigözəl ifadə kimi görünürdü. Epiteti ilk dəfə dövriyyəyə buraxanlar Almaniya ilə SSRİ arasında “bir-birinə hücum etməmək” əhdi olduğuna və almanların bu müqaviləyə xəyanət etdiyinə vurğu salmışdlar və bu milyon dəfələrlə təkrarlanırdı.

Çox-çox sonralar məlum oldu ki, əslində SSRİ və Almaniya arasında 23 avqust 1939-cu ildə imzalanmış, imzalayan sovet-alman xarici işlər nazirlərinin soyadı ilə “Molotov-Ribbentrop paktı” adını almış saziş Avropaya və ümumilikdə bəşər əhlinə qarşı xəyanət sənədi olub. SSRİ və nasist Almaniyası bu müqavilə ilə Şərqi Avropanı öz təsir dairələrinə bölüblər.

SSRİ bu pakta əsasən Finlandiya, Estoniya, Latviya, Litva, eləcə də Polşanın şərq bölgələrini və Bessarabiyanı (Moldova) işğal edib. Almaniya isə Polşanın qərb hissəsini götürüb.

22 iyun 1941-ci ildə başlayan müharibə sadəcə bir təcavüzkarın digərinə, bir xəyanətkarın o birinə hücumu olub. Hitler 1939-cu ildə Stalinə “bağışladığı” əraziləri bir neçə günün içində və bir həmlə ilə özününkü edib.

Sovet rəhbərliyi almanların hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatları alsa da, son günə qədər sadəlövhcəsinə Hitlerin elə bir işə qol qoymayacağını düşünüb. Hətta almanların SSRİ-yə qarşı müharibə başladacağı barədə israrla xəbərdarlıq edən bəzi hərbçilər və kəşfiyyatçılar cəzalandırılıb.

Ona görə də sovet tərəfini hazırlıqsız yaxalayan alman qoşunları qısa müddət ərzində Moskvanın 60 kilometrliyinə qədər gəlib çıxıblar. Bu müddət ərzində milyonlarla sovet əsgəri ya qeyri-bərabər döyüşlərdə həlak olub, ya da əsir düşüb.

Müharibənin ilk vaxtlarında sovet tərəfinin nasistlərə müqavimət göstərə bilməməsinin əsas səbəbi repressiya illərində nizami ordunun 5 marşalından ikisinin (Tuxaçevski və Blyuxer), yüzlərlə generalın, minlərlə polkovnik və podpolkovnik rütbəli zabitin, toplamda 40 min hərbçinin repressiya edilməsi olub. Ən savadlı və ən təcrübəli sərkərdələrin yerində səriştəsiz komandanlar qalıb və onlar effektiv müqavimət təşkil edə bilməyiblər.

Sonradan ayrı-ayrı cəbhələrə komandanlıq edən, məşum səhvlər edə-edə döyüşməyi öyrənən Jukov, Rokossovski, Malinovski, Konev, Çuykov kimi marşal və generallar isə milyonlarla sovet gəncini mənasız döyüşlərdə irəli verib qırdırmağın hesabına “hərbi uğurlar” əldə ediblər. 1941-45 müharibəsinin 3 qalibindən birinin – SSRİ-nin müharibədə itirdiyi insan sayı (26 milyon) ona görə bu qədər çoxdur. Kreml minlərlə əsgəri bir adsız təpə uğrunda xərcləyib. Güclü təzyiq altında geriyə çəkilməkdən başqa yolu olmayan yüz minlərlə hərbçi mənasız inadkarlığın qurbanı olub, mövqeyini tərk edənlər isə hərbi tribunala verilib, güllələnib.

Stalinin sərkərdəlik bacarığı barədə deyilənlər indinin özündə də əsasən şişirtmədir. Əslində o, müharibənin ilk aylarında başını tam itirmiş vəziyyətdə olub, sonra qış mövsümünün başlanması ilə alman qoşunlarının yürüşü səngiyəndə özünə gəlib və marşal və generalları cəbhələr üzrə dəyiş-düyüş edərək, böyük qurbanlar sayəsində vəziyyəti normallaşdıra bilib.

ABŞ və Böyük Britaniyanın nasizm üzərindəki qələbədə oynadıqları rol uzun müddət rəsmi mətbuatda etiraf edilməsə də, bu, həlledici olub. Onların hərtərəfli köməyi olmadan SSRİ müharibədə qalib gələ bilməzdi. Hətta sovet mətbuatında ABŞ və İngiltərəni “ikinci cəbhə”ni gec açdıqlarına görə qınayan məqalələr yazılıb və bu, tarix kitablarında da qeyd olunub. Sövet təbliğatı ABŞ və Böyük Britaniyadan gələn yardımlar barədə isə əsasən susub. Müttəfiqlərdən adi bintdən tutmuş yük maşınlarına, ərzağa, geyimə qədər min bir adda humanitar və hərbi yardım gəlib.

Sovet xalqlarının övladları 1941-45 müharibəsində rəşadətlə, fanatikcəsinə döyüşüblər. Burada ideoloji təbliğat da rol oynayıb, can qorxusu da. Başqa yol olmayıb, irəlidə təpədən dırnağa qədər silahlanmış hitlerçilər, arxada isə daha qəddar stalinçilər (SMERŞ adlanan cəza dəstəsi) durub. Hitlerçilərin üstünə getməklə onları mövqelərindən çıxarmaq daha asan olub, nəinki geri çəkilənləri arxadan güllələməyə hazır olanlara müqavimət göstərmək.

“Rus əsgər təslim olmur” ifadəsi də əsası olmayan əfsanədir. 1941-45 müharibəsində nəinki milyonlarla rus əsgər və zabit, eləcə də 300-ə yaxın rus general almanlara təslim olub.

Bir sözlə, dünya tarixinin ən dəhşətli müharibəsinin ən böyük epizodu olan 1941-45 müharibəsinin xatirələri hələ də aktualdır. Bu tarixi hadisədən ibrət dərsi götürməyənlər, hələ də öz dövlətçilik eqosunu silah gücüylə, başqa xalqları əsarət altına almaq hesabına təmin etmək istəyənlər var. Bu dəfə bütün Avropa yeni aqrssora qarşı vahid cəbhədə birləşib. Rusiya-Ukrayna savaşı ona görə uzanır.

Xalid KAZIMLI

Bizə qoşulun