Kamboca ilə sərhəddə baş verən silahlı toqquşmalar zamanı həlak olan Tailand hərbçilərinin sayı 17-dən 19-a yüksəlib.
Bu barədə Tailand Quru Qoşunlarının İkinci Hərbi Bölgəsi məlumat yayıb.
Dekabrın 16-da baş verən hadisələrlə bağlı yayımlanan açıqlamada bildirilir: “Ta Kvay bölgəsində və 350-ci yüksəklikdə toqquşmalar davam edir. Döyüşlər zamanı iki hərbçimiz həlak olub”.
Daha əvvəl verilən məlumata görə, Tailand qoşunları Surin əyalətində yerləşən qədim Ta Kvay məbəd kompleksi üzərində nəzarəti ələ keçirərək Kamboca qüvvələrini ərazidən çıxarıb.
Qeyd edək ki, kiçik silahlarla toqquşmalar dekabrın 7-də başlayıb. Dekabrın 8-də Tailand Quru Qoşunları Kamboca qüvvələrinin sərhəd bölgəsindəki mövqeləri atəşə tutduğunu bildirib. Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib.
Kamboca tərəfi toqquşmalar zamanı geri dönməz itkilər barədə məlumat verməyib. Bununla belə, Tailand tərəfinin məlumatına görə, döyüşlərdə 200-dən çox Kamboca hərbçisi həlak olub./AZƏRTAC