Medianews.az
Texnoloji soyuq müharibənin əsası qoyuldu -
123 baxış

Texnoloji soyuq müharibənin əsası qoyuldu - TƏHLİL

“Pax Silica” (Paks Silika) ABŞ-ın rəhbərliyi ilə süni intellekt texnologiyaları üçün vacib olan yarımkeçiricilər (çiplər) və kritik mineralların təchizat zəncirini qorumaq məqsədilə yaradılmış yeni bir beynəlxalq strateji təşəbbüsdür. "Pax Silica" – texnoloji tərəqqi və çip istehsalı vasitəsilə əldə edilən iqtisadi sabitlik və sülh dövrü mənasını daşıyır. Məsələ ondadır ki, təşəbbüsün adında sülh və sabitlik olsa da, əslində ABŞ-nin yaratdığı bu layihə "Texnoloji soyuq müharibə"nin əsasını qoyub.

Bu layihənin yaradılmasında bir neçə strateji hədəf var.

Təchizat zəncirinin təhlükəsizliyi: Süni intellekt üçün lazım olan çiplərin və onların istehsalında istifadə olunan mineralların (litium, kobalt və s.) kəsilməz təminatını yaratmaq.

Asılılığın azaldılması: Xüsusilə Çin kimi ölkələrdən olan strateji asılılığı minimuma endirmək. Nəzərə almaq lazımdır ki, dünya bazarında torpaq minerallarnında Çinin payı 70 faizdir.

ABŞ bir neçə gün öncə Milli Təhlükəsizlik Strategiyasını bəyan edən zaman xüsusilə Avropa ölkələri ABŞ-nin Rusiyanı təhdid kimi görməməsindən narahat olduqlarını bəyan etdilər. Hətta Almaniya açıq şəkildə bildirdi ki, ABŞ-dən fərqli olaraq onlar üçün bir nömrəli təhdid Rusiyadır. Strateji baxımdan ABŞ-ın xarici siyasətində artıq "Rusiya təhlükəsi"ndən daha çox, Çinlə olan "Texnoloji soyuq müharibə" ön plana keçib.

Rusiya ənənəvi siyasətini davam etdirir - torpaq işğal etmək. Putin açıqlamalarının birində açıq şəkildə bildirdi ki, onları Ukraynaya girməyə məcbur ediblər. Əgər həqiqətən də bu məcburiyyətdən baş veribsə, bu o deməkdir ki, ABŞ Rusiyanı texnologiyadan, gələcəyin iqtisadiyyatından geri atmaq niyyəti güdüb və buna nail olub. Rusiya Ukrayna bataqlığında çabaladığı zamanda ABŞ və tərəfdaşları süni intellekt, çiplər, Kvant hesablamaları üzərində planlar qurur və həyata keçirirlər. Açıq şəkildə deyə bilərik ki, hazırkı və gələcəyin dünyasında hədəf "Torpaq" deyil, "Texnologiya"dır. ABŞ hesab edir ki, dünyada kim süni intellekt texnologiyasına hakim olsa, növbəti 100 ilin lideri o olacaq. Məsələyə bu yöndən baxdıqda, faktiki olaraq rəqib Çindir.

Rusiya artıq ağır sanksiyalar altındadır və qlobal texnoloji zəncirdən böyük ölçüdə kənarlaşdırılıb. Ancaq Çin hələ də dünyanın fabriki rolundadır.

“Pax Silica”ya Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı ABŞ Yaponiya, Cənubi Koreya, Hollandiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və digərlərini vahid bir blokda birləşdirir. Biz buna Çinin texnoloji cəhətdən "blokadaya" almaq cəhdi kimi də baxa bilərik. ABŞ Rusiyanı daha çox Çinin "kiçik tərəfdaşı" və ya resurs bazası statusunda görür. Maraqlı məsələ ondan ibarətdir ki, ABŞ texnologiyaya nə qədər önəm versə də, ənənəvi bazardan da (neft, qaz) çıxmır. Venesuela ətrafında baş verənlər bunun sübutudur.

“Pax Silica” təşəbbüsü Çini hədəf göstərdiyi kimi, eyni zamanda Çinin layihəsi olan "Bir kəmər, bir yol"u da hədəf taxtasına çıxarmış olur. Məsələ ondadır ki, Azərbaycan nəinki Çinlə, onun strateji ortaqları olan Rusiya, Pakistanla strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Hətta Çinlə bu bəyannaməni möhkəmləndirmək üçün rəsmi Bakı Pekindən HQ-9BE HHM sistemləri alıb.

ABŞ ilə Çin arasında "Texnoloji soyuq müharibə" Azərbaycan üçün risklər də törədə bilər. Misal üçün texnoloji "Sədd" və sanksiya riski. Azərbaycan dövlət infrastrukturunda (məsələn, "Ağıllı şəhər" layihələri və ya 5G) Çin texnologiyalarına üstünlük verməyə davam edərsə, gələcəkdə Qərb maliyyə sistemindən və ya yüksək texnologiyalı komponentlərdən məhrum olma riski ilə üzləşə bilər. İkinci risk hərbi-texniki sahəyə edilən təhdid ola bilər. Ancaq bu o qədər də riskli görünmür. Çünki Azərbaycanın hərbi-texniki əməkdaşlığı çoxşaxəlidir. Ancaq risk varmı? Var. Digər risk isə "Dəhlizlər müharibəsi"ndə iştirakçı olmaqdır. Azərbaycanın Orta Dəhliz vasitəsilə Çinin "Bir Kəmər, Bir Yol" layihəsində iştirakı onu Çin üçün strateji tərəfdaş edir. Əgər ABŞ və müttəfiqləri (“Pax Silica” bloku) Çinin ticarət yollarını zəiflətmək qərarına gəlsələr, bu dəhliz üzərindəki ölkələrə siyasi və ya iqtisadi təzyiqlər arta bilər. Eyni zamanda, Rusiya və İranın da bu dəhlizlərdə öz maraqları var ki, bu da Azərbaycanı dörd böyük gücün (ABŞ, Çin, Rusiya, İran) maraqlarının toqquşduğu nöqtəyə çevirir. Azərbaycanın sığortası hələki Avropanın Azərbaycan qazına və yaşıl enerjisinə (Xəzər dənizi layihələri) ehtiyacı görünür. Bu rəsmi Bakıya Qərblə danışıqlarda "toxunulmazlıq" və ya manevr sahəsi verir.

Açıq demək lazımdır ki, Azərbaycan bütün ölkələr kimi seçim qarşısında qalacaq. Artıq təkcə iqtisadiyyat deyil, "Texnoloji soyuq müharibə"də tərəf seçmək məcburiyyəti yaranır.

Nəzərə almaq lazımdır ki, Ermənistanda Qərb ölkələri süni intellekt zavodu tikir. Bu layihənin daha da genişlənəcəyi barədə iddialar var. Ermənistan Qərb tərəfə (ABŞ/Aİ) tam meyil edib “Pax Silica”nın regional dayağına çevrilməyə çalışsa, Azərbaycan isə Çin və Rusiya ilə "strateji nikahını" dərinləşdirsə, sülh prosesi qlobal qütbləşmənin qurbanı ola bilər. Bundan əlavə əgər "Bir kəmər, bir yol" layihəsi Çinin iqtisadi hegemonluğuna xidmət edəcəksə, Vaşinqton sülh prosesində bu dəhlizin açılmasına "yaşıl işıq" yandırmaqda tərəddüd edə bilər. Yəni, sülh müqaviləsi ləngiyə, şərtlər ağırlaşa, hətta yenidən toqquşma riski də yarana bilər. Ermənistan özünü Qərbin (və “Pax Silica” maraqlarının) regiondakı "demokratik qalası" kimi təqdim edərək, Azərbaycanın Çin və Rusiya ilə əlaqələrini (strateji tərəfdaşlıq bəyannamələri) "təhlükə" kimi qələmə verə bilər. Bu, Qərbin sülh prosesində Ermənistana dəstək verməsinə və Azərbaycanı sıxışdırmasına səbəb ola bilər. Cənubi Qafqaz “Pax Silica” ilə "İpək Yolu" (Çin) arasında cəbhə xəttinə çevrilsə, Azərbaycan və Ermənistan sülh bağlasalar belə, bu sülh "soyuq" və gərgin olacaq.

Yeri gəlmişkən Avropa İttifaqının Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Ermənistan Avropa İttifaqından “xoş niyyətli olmayan xarici təsirlərə qarşı mübarizə üçün Moldovaya göstərilən eyni yardımı” tələb edib. Bu yardımın ayrılma ehtimalı da çox yüksəkdir.

Hesab edirəm ki, Azərbaycan rəhbərliyi çox gözəl anlayır ki, Cənubi Qafqazda müharibə riski tam bitməyib və bu risk artıq sadəcə Ermənistanla bağlı deyil. Ermənistan Rusiyanın "forpost"luğundan çıxıb, Qərbin regiondakı "forpostu" olarsa və Azərbaycan Çin/Türkiyə oxunda qalarsa, bu, iki ölkə arasındakı münaqişəni yenidən Qlobal Şərq - Qərb qarşıdurmasına çevirə bilər.

Bakı məhz bu riski görüb Ermənistanla sülh sənədini "ikitərəfli formatda" (vasitəçisiz) imzalamağa çalışır ki, böyük güclər bu prosesi öz aralarındakı "soyuq müharibə" üçün alətə çevirməsinlər. Rəsmi Bakı bilir ki, Zəngəzur dəhlizi açılsa, bu, təkcə qatar yolu olmayacaq. Oradan keçən optik kabellər və texnoloji infrastruktur Pax Silica və Çin rəqabətinin tam mərkəzi olacaq. Bakı bu yolu "neytral zona" kimi saxlamağa çalışır ki, hər iki tərəf ondan istifadə etsin və beləliklə, heç bir tərəf bu infrastrukturu vurmaqda maraqlı olmasın.

Azərbaycanın Zəngəzur dəhlizinə ordu yeritməyə "məcbur edilməsi" ssenarisi ehtimalı da var və bu bir neçə faktorun kəsişməsində baş verə bilər. Əgər Ermənistan daxilində siyasi xaos yaranarsa və ya sərhəddəki Avropa İttifaqı missiyası hər hansı bir gərginliyin qarşısını ala bilməzsə, yaxud özləri prosesi qızışdırarsa, Bakı bu dəhlizin təhlükəsizliyini təmin etmək adı altında hərəkətə keçməyə təhrik oluna bilər. Bildiyimiz klassik "geosiyasi tələ". Bakı hərbi uğur qazanar, lakin beynəlxalq hüquq müstəvisində "təcavüzkar" statusuna salınaraq ağır sanksiyalara məruz qalar.

“Pax Silica”nın yaranması və Çini hədəf götürməsi ilə ABŞ və müttəfiqləri (Pax Silica bloku) bu dəhlizin açılmasını istəyir, lakin bir şərtlə: dəhlizə Rusiya və ya Çin nəzarət etməməlidir. Əgər Ermənistan bu yolu Qərb şirkətlərinin və ya beynəlxalq mühafizə xidmətlərinin nəzarətinə vermək istəsə, Rusiya və İran buna mane olacaq. Belə bir tıxanc vəziyyətində Azərbaycanın "düyünü kəsmək" üçün güc tətbiq etməsi yeganə çıxış yolu kimi təqdim edilə bilər.

İran dəfələrlə bəyan edib ki, Zəngəzurun statusunun dəyişməsi onun üçün "qırmızı xətt"dir. Əgər Azərbaycan hərbi manevr edərsə, bu, sadəcə Ermənistanla yox, birbaşa İranla qarşıdurma deməkdir. Bu isə münaqişəni lokal deyil, regional müharibə səviyyəsinə qaldıracaq.

Qarabağ məsələsi daxili hüquqi məsələ idi. Zəngəzur məsələsi isə artıq qlobal tranzit və texnologiya (“Pax Silica”) davasıdır.

Azərbaycan bu "məcburetmə" ssenarisindən yayınmaq üçün Türkiyə ilə hərbi müttəfiqliyini (Şuşa Bəyannaməsini) dövriyyəyə salaraq prosesdən yan keçməyə cəhd edə bilər. Türkiyənin NATO üzvü olması, “Pax Silica” layihəsinə qoşulmaq ehtimalı və atacağı addımları indidən proqzlaşdırmağın çətinliyi onu deməyə əsas verir ki, Azərbaycanın Azərbaycan əsgərindən başqa heç bir real müttəfiqi yoxdur.

Səxavət Məmməd

Bizə qoşulun