Medianews.az
Hindistanda yayılan ölümcül virus Azərbaycana keçə bilərmi? -
120 baxış

Hindistanda yayılan ölümcül virus Azərbaycana keçə bilərmi? - Həkimdən VACİB AÇIQLAMA

Hindistanda yayılmağa başlayan Nipah virusu yüksək ölüm riski ilə seçilən təhlükəli yoluxucu xəstəlik kimi Asiya ölkələrində ciddi narahatlıq doğurur. Virusun sürətlə inkişaf etməsi və ağır fəsadlar, xüsusilə beyin iltihabı yaratması onu qlobal səhiyyə üçün ciddi təhdidə çevirir. Beynəlxalq əlaqələrin artması fonunda belə bir virusun yayılması potensial olaraq Azərbaycan üçün də risk yarada bilər və sərhəd-sanitariya nəzarətinin gücləndirilməsini zəruri edir. Bu virusun Azərbaycana yayılması gözlənə bilərmi? Ümumiyyətlə, Nipah virusu doğurdan da ölümcüldür?

Mövzu ilə bağlı Medianews-a açıqlamasında həkim-ekspert Məlahət Hümmətqızı bildirib ki, virus əsasən heyvanlardan insanlara yoluxur.

O qeyd edib ki, bu yoluxma xüsusilə donuzlar və meyvə ilə qidalanan yarasalar vasitəsilə baş verə bilər:

"Eyni zamanda çirklənmiş qida vasitəsilə, eləcə də yoluxmuş insandan sağlam insana da keçə bilir. Ümumdünya Səhiyyə Təşkilatı bu virusu ciddi nəzarət altında saxlanılan təhlükəli infeksiyalar siyahısına daxil edib. COVID-19 nümunəsində gördüyümüz kimi, qlobal hərəkətlilik səbəbindən hər hansı virusun başqa ölkələrə yayılma ehtimalı mövcuddur".

Ekspert deyib ki, bu baxımdan panikaya düşmək yox, profilaktik qaydalara əməl etmək vacibdir:

"Xəstə insanlarla yaxın təmasdan çəkinmək, çiy və yaxşı yuyulmamış qidalardan uzaq durmaq, əlləri tez-tez yumaq və şəxsi gigiyenaya riayət etmək, xüsusilə qapalı və izdihamlı məkanlarda maska taxmaq".

M.Hümmətqızı sonda vurğulayıb ki, nazırda Nipah virusuna qarşı spesifik müalicə və ya təsdiqlənmiş peyvənd yoxdur:

"Buna görə də əsas qorunma yolu ehtiyatlı davranmaq və təmizliyə riayət etməkdir. Panika yox, məsuliyyətli davranış və məlumatlılıq əsasdır".

Oğuz Ayvaz
Medianews.az

Bizə qoşulun