Medianews.az
Hicabı məsxərəyə qoydu – Senatda QALMAQAL
73 baxış

Hicabı məsxərəyə qoydu – Senatda QALMAQAL

Avstraliya Senatının qatı millətçi mövqeyi ilə tanınan üzvü, “Bir Millət” (“One Nation”) Partiyasının lideri Polin Hanson hicabı yenidən məsxərəyə qoyub.

Medianews.az xəbər verir ki, Polin Hanson parlament zalına başına hicab keçirərək, eyni zamanda açıq ayaqlarını bilərəkdən nümayiş etdirə-etdirə daxil olub. Bu yolla o, hicablı müsəlman qadınların ictimai yerlərə buraxılmasının qadağan edilməsi üçün apardığı kampaniyaya diqqət çəkməyə çalışıb.

Hadisə noyabrın 24-də baş verib. Noyabrın 25-də Senat bu hərəkətinə görə Polin Hansona cəza kəsib: o, parlamentin yeddi iclasında iştirakdan məhrum edilib.

Hanson parlamentin ictimai yerlərdə hicaba qadağa qoyan qanun qəbul etməsini istəyir. Lakin parlament bu təklifi rədd edir.

Onun parlament zalındakı davranışını müsəlman senatorlar irqçilik kimi qiymətləndiriblər. Senatda çoxluq bu mövqe ilə razılaşıb.

Avstraliyada bir milyona yaxın müsəlman yaşayır.

“Bir Millət” (“One Nation”) Partiyası Senatda dörd mandatla təmsil olunur. İctimai rəy sorğuları ölkədə bu partiyaya və onun liderinə dəstək verənlərin sayının artdığını göstərir.

Polin Hanson mövqeyindən geri çəkilmədiyini, parlamentdə geyim məhdudiyyətinin olmadığını bəyan edib: “Bankda dəbilqəni çıxarmağı tələb edirlərsə, çadraya münasibət niyə fərqli olmalıdır? Mən yolumu davam etdirəcəm, hökmü xalq verəcək”.

Polin Hanson uzun illərdir hicaba qarşı kampaniya aparır. O, 2017-ci ildə də parlamentdə hicaba qadağa qoyulması tələbi ilə oxşar aksiya keçirmişdi.

Medianews.az

 

Bizə qoşulun