Fevralın 26-da 72 yaşı tamam olan Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan 50 ildir siyasətdədir.
Medianews.az bildirir ki, 1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan Mərmərə Universitetində iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.
Siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. 2003-cü il martın 14-dən baş nazirlik edib, 2014-cü il avqustun 10-da, 2018-ci il iyunun 24-də və 2023-cü il mayın 28-də prezident seçilib.
2018-ci ilin seçkisindən sonra prezident həm də hökumət başçısıdır.
2002-2023-cü illərdə Ədalət və İnkişaf Partiyası 7 parlament, 4 bələdiyyə, 3 prezident seçkisində qalib olub, 3 referendumda istəyinə çatıb.
Partiya 2002-ci ilin parlament seçkisini udaraq təkbaşına hökumət qurub, 2007 və 2011-ci illərin seçkilərində hakim statusu saxlayıb.
7 iyun 2015-ci ilin seçkisində qismən üstün gələn partiya təkbaşına hökumət qura bilməyib, növbədənkənar seçkiyə gedilib. 1 noyabr 2015-ci ilin parlament seçkisindən sonra Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.
Partiya 2004, 2009, 2014 və 2019-cu illərin bələdiyyə seçkilərini də udub.
Ədalət və İnkişaf Partiyasının təşəbbüsləri ilə konstitusiyaya yenilik referendumları keçirilib, prezidentin parlamentdə deyil, ümumxalq səsverməsində seçilməsi, parlament idarəçiliyinin cilovlanması, prezident idarə üsuluna keçid rəsmiləşib. Yeniliklər 2007, 2010 və 2017-ci illərdə səs çoxluğu ilə dəstəklənib.
2014-cü ildə ilk dəfə prezident mandatı alan Rəcəb Teyyub Ərdoğan 24 iyun 2018-ci ildə parlament seçkisi ilə birgə keçirilən prezident seçkisində də qalib gəlib. Parlament seçkisində Ədalət və İnkişaf Partiyası ilə müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası üstün olub.
2023-cü il mayın 14-də daha bir qoşa seçki keçirilib. Parlament seçkisini Ədalət və İnkişaf Partiyası ilə müttəfiqləri – Milliyyətçi Hərəkat Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası, Demokratik Sol Partiya udub. Prezident seçkisi ikinci tura qalıb, mayın 28-də Rəcəb Teyyub Ərdoğan üstün gəlib.
2024-cü ilin bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ilk dəfə məğlubiyyətlə üzləşib, üstünlük müxalif Cümhuriyyət Xalq Partiyasına keçib.
Türkiyə Konstitusiyasına görə, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Bu məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb.
Parlamentin – 600 nəfərlik Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda qoşa seçki qaydası tətbiq olunacaq və Rəcəb Teyyub Ərdoğan bir daha prezidentliyə namizəd ola biləcək.
Toğrul Əli,
Medianews.az