Birgə nikah dövründə əldə edilmiş əmlak üstündə çəkişmələrə çox rast gəlinir. Medianews.az bu mövzuda Vəkillər Kollegiyasının üzvü Elçin Süleymanlıdan müsahibə götürüb.

- Ər və ya arvad birgə nikahları dövründə əldə olunmuş əmlakı bir-birinin razılığı olmadan sata bilərmi?
- Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) görə, ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, nikah müqaviləsində və ya başqa razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların birgə mülkiyyəti sayılır. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Yəni, məsələn, daşınmaz əmlak əldə etmək üçün kimin işləməsi, pul vəsaiti əldə etməsi önəmli deyil, önəmli olan əmlakın birgə nikah dövründə əldə edilməsidir. Amma qanunvericiliyin tələbinə əsasən, hədiyyə (bağışlanma) şəklində və vərəsəlik qaydasında əldə edilmiş əmlak istisnadır.
Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulub ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğu üçün və ya başqa üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.4-cü maddəsi ər-arvadın ümumi daşınmaz əmlakı üzərində onlardan birinin sərəncam verməsi üçün digər tərəfin razılığı ilə bağlı xüsusi forma şərti – notarial qaydada təsdiq edilmiş razılıq hökmü qoyur. Yəni birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak - ev, torpaq özgəninkiləşdirilərkən, satılması və ya hədiyyə verilməsindən asılı olmayaraq, ərin və ya arvadın yazılı, notarial razılığı tələb olunur. Belə bir razılıq şifahi şəkildə verilibsə, yaxud yazılı olub notarial qaydada təsdiq edilməyibsə əsaslı sayılmır, razılığın olmaması anlamına gəlir.

- Bəs rəsmi razılıq olmadan özgəninkiləşdirilmiş əmlakın taleyi necə olur?
- Qanunvericilik belə halın baş verə bilmə ehtimalını nəzərə alıb. Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsi ilə heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur. Fərz edək ki, A və B birgə nikahda olarkən ev, yaxud torpaq sahəsi əldə ediblər. B hansısa şəkildə həmin əmlakı C adlı şəxsə satıb. Bu halda, qanunla müəyyən edilmiş qaydada razılıq olmaması səbəbindən əqdə (satılmasına) razılıq verməyən A həmin alqı-satqı müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab olunmasını tələb edə bilər.
- C, yəni həmin əmlakı alan şəxsin bu razılığın olub-olmamasından xəbəri yoxdursa, adi qaydada pul ödəyərək almışsa?..
- Fərq etmir, əqd etibarsızdır. Mülki Məcəllənin 225.6-cı maddəsi bu baxımdan heç bir əlavə şərtə baxmır. Yəni razılıq olmadan satılmış əmlak üzrə əqd istənilən halda etibarsızdır. Hüququ pozulmuş tərəf, yəni əmlak onun xəbəri olmadan satılmış tərəf haqlı olaraq məhkəməyə müraciət edə bilər.

- Onda əmlak geri qayıdır?
- Qanun bunu nəzərdə tutur.
- Bəs alıcı – C əmlakı başqa bir şəxsə satmışsa?
- Hesab edək ki, C həmin əmlakı D-yə satıb. Əmlak üçüncü şəxsin adına rəsmən qeydiyyata alınandan sonra yeni əqd əsasında satılıbsa, həmin əqd etibarsız hesab edilmir. Yəni əmlak D-də qalır. Amma bu halda əmlak satışına razılığı olmayan şəxs əmlakı satmış ərdən (arvaddan) öz payını tələb etməkdə haqlıdır.
Toğrul Əli,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.
