Beyin sağlamlığının qorunması və yaddaşın gücləndirilməsi üçün ən təsirli qida mənbələrindən biri quru meyvələr və çərəzlərdirdir. Aparılan araşdırmalar göstərir ki, düzgün seçilmiş çərəzlər təkcə bədən sağlamlığına deyil, həm də idrak funksiyalarına mühüm təsir göstərir. Vitaminlər, minerallar və sağlam yağlarla zəngin olan bu məhsullar beynin oksigenlə təchizatını artırır, zehni performansı yüksəldir və konsentrasiyanı gücləndirir.
"Yeni Sabah" xəbər verir ki, bu sahədə aparılan son elmi müşahidələr fındıq və badam kimi geniş istehlak olunan çərəzləri belə kölgədə qoya biləcək bir qidanın olduğunu üzə çıxarıb. Mütəxəssislərin fikrinə görə, yaddaşı ən çox gücləndirən çərəz qozdur. Bununla yanaşı, fıstıq və makadamiya fındığı da beyin funksiyalarını dəstəkləyən məhsullar sırasındadır.
Qoz yüksək miqdarda omega-3 yağ turşuları ilə seçilərək digər çərəzlərdən fərqlənir. Bu yağ turşuları yaddaşın güclənməsinə, öyrənmə qabiliyyətinin artmasına və beyin fəaliyyətinin ümumən yaxşılaşmasına səbəb olur
Qozun antioksidantlarla zəngin olması beyni sərbəst radikalların yaratdığı zərərdən qoruyur və yaşla bağlı idrak zəifləməsinin qarşısını almağa kömək edir. Aparılan klinik tədqiqatlar müntəzəm qoz istehlakının depressiya və narahatlıq əlamətlərini azaltmağa da dəstək verdiyini göstərib.
Fıstıq tərkibində B6 vitamini olan ən zəngin çərəzlərdən biridir. B6 vitamini beynin və sinir sisteminin işləməsində əsas rol oynayır, yaddaşı və öyrənmə bacarığını dəstəkləyir. Məhsulun tərkibindəki maqnezium isə stresin azalmasına və ruh halının stabilləşməsinə müsbət təsir göstərir.
Makadamiya fındığı çərəzlər arasında ən yüksək yağ tərkibli növlərdən hesab edilir. Lakin bu yağlar zərərli deyil, əksinə, beyin hüceyrələrinin quruluşunu dəstəkləyən təkli doymamış yağlardan ibarətdir.
Makadamiya fındığının enerji istehsalını artırması isə zehni yorğunluğun azalmasına kömək edir və beynin daha uzun müddət aktiv qalmasını təmin edir.
Elmi araşdırmalar göstərir ki, yaddaşın gücləndirilməsi və ümumi beyin sağlamlığının qorunması üçün ən təsirli çərəzlər sırasında qoz birinci, fıstıq və makadamiya fındığı isə növbəti yerləri tutur. Bu məhsulların gündəlik qidalanma rasionuna daxil edilməsi yaddaş, konsentrasiya və əhval-ruhiyyə üzərində nəzərə çarpacaq dərəcədə müsbət təsir yaradır.