“Torpaqlarımız işğal altında olanda ad günlərimizi də, özümüzü də unutmuşduq. İndi fikirləşirik ki, biz 30 ili o torpaqlarsız necə yaşamışıq?! Bu gün düşünürük ki, sən demə heç yaşamamışıq. Bu gündən sonra bəlkə ad günlərimiz yadımıza düşə. Xoş və gözəl günlər hələ qarşıdadır”
Bunu Medianews.az-a açıqlamasında əməkdar artist, Şuşa Dövlət Musiqili Dram teatrının aktyoru Teymur Məmmədov deyib.

O daha sonra onu uzun illər tamaşaçılara sevdirən “Qız atası” serialından danışıb:
“Qız atası” serialından bizim çörək pulumuz çıxırdı. 12 ilə yaxın efirdə oldu. Məni xalqa çox tanıtdı. Camaat mənim öz adımı unudub, “Vidadi müəllim” deyə çağırır. Obrazın adı ilə tanınmaq, xatırlanmaq gözəl hissdir. Bizim dükanımız yoxdur, bazarımız yoxdur, biznesimiz yoxdur. Bizim qazancımız budur. Bunu-ad-sanı qazanmışıq. Məktəbdə oxuduğum illərdə camaat hind filminə baxırdı, oturub ağlayırdı. İnsanlar inanırdılar. Bu gün də elə bilirlər ki, serialın çəkildiyi villalar, sürdüyüm maşınlar mənimdir. Hətta Mətanət Əliverdiyevanın həqiqətən həyat yoldaşım olduğuna inananlar da var. Elə bilirlər ki, oradakı aktrisalar mənim həyatdakı qızlarımdır. Hətta bir dəfə yolda bir kişi məni saxlayıb demişdi ki, “mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir” (gülür). Camaatı inandırmışıq da. Yaxınlaşanların da xətrinə dəymirəm”.

Teymur Məmmədov efirlərə çıxmaqdan imtina etdiyini bildirib:
“O vaxt tez-tez dəvət edirdilər. Mən də gücüm çatan yerlərə gedirdim. İndi sizin də, mənim də, hamımızın bildiyi səbəblərə görə televiziyada görünməyə istəyim qalmayıb. Xoşuma gələn veriliş, tədbir yoxdur ki, gedib orada özümü tapım. Özüm də istəmirəm. Gedib o verilişlərdə niyə oturum ki, hansısa uşaq durub mənə nəsə desin. Zərrə-zərrə topladığım hörməti niyə ayaqlar altına atım?”.
Əli Əsgər
Medianews.az