Azərbaycanda rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üçün bəzi mobil tətbiqlərin fəaliyyətinə xitam verilir, həmin tətbiqlər vasitəsilə həyata keçirilən xidmətlər "myGov" platformasına inteqrasiya olunur. Artıq bir neçə tətbiq (“e-Tabib”, “e-Su” və “e-Sosial”) fəaliyyətini dayandırıb. Həminin tətbiqlərin xidmətləri indi “myGov” platformasından təqdim olunur.
Daha hansı tətbiqlərin fəaliyyətini dayandıracağı gözlənilir?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən idarə olunan bu keçid prosesi "Rəqəmsal Hökumət" konsepsiyasının tərkib hissəsidir və əsas məqsəd vətəndaşın dövlət xidmətlərinə tək bir mərkəzdən daxil olmasını təmin etməkdir.
E.Abbasovun sözlərinə görə, “e-Tabib”, “e-Su” və “e-Sosial” kimi iri platformaların fəaliyyətini dayandırması göstərir ki, növbəti mərhələdə “Azərişıq” və “Azəriqaz”ın fərdi abonent tətbiqlərinin, həmçinin nəqliyyat sahəsində istifadə olunan ödəniş və məlumat portallarının (məsələn, dəmir yolları və şəhərdaxili nəqliyyat xidmətlərinin) funksionallığı “myGov” ekosisteminə inteqrasiya olunacaq: “Bu, dövlət qurumlarının ayrıca proqram təminatı saxlaması xərclərini azaldır və vahid təhlükəsizlik standartlarının tətbiqinə şərait yaradır”.
E.Abbasov qeyd edib ki, fəaliyyəti dayandırılacaq tətbiqlərin siyahısı dövlət qurumlarının texniki hazırlığından və "2026-2028-ci illər üçün Fəaliyyət Planı"ndakı ardıcıllıqdan asılı olaraq yenilənir. Bununla belə, ekspert əsasən vətəndaşların tez-tez müraciət etdiyi təhsil (məktəbəqəbul və tələbə portalları), gömrük və vergi xidmətlərinin bəzi mobil alt sistemlərinin də bu prosesə daxil ediləcəyini proqnozlaşdırır: “Beləliklə, yaxın gələcəkdə vətəndaşların telefonunda onlarla fərqli dövlət tətbiqi yerinə bütün hüquqi və inzibati prosesləri idarə edən cəmi bir neçə əsas tətbiqin qalması hədəflənir. Bu keçid həm dövlət büdcəsinə qənaət edir, həm də istifadəçi təcrübəsini daha sürətli və şəffaf formaya salır”.
keçid həm dövlət büdcəsinə qənaət edir, həm də istifadəçi təcrübəsini daha sürətli və şəffaf formaya salır”.

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz də Medianews.az-a açıqlamasında deyib ki, rəqəmsal dövlət xidmətlərinin mərkəzləşdirilməsi, optimallaşdırılması zəruri tədbirlərdir.
Lakin O.Gündüz fəaliyyəti dayandırılan, yaxud dayandırılacaq platformalarda çalışan mütəxəssisləri qorumağı vacib sayır. Qeyd edir ki, həmin mütəxəssislərin təcrübəsindən yeni platformalarda istifadə olunmalıdır.
Son dövrlərdə İT sektoruna beyin axınının gücləndiyinə diqqət çəkən O.Gündüz bildirir ki, indi bəzi tətbiqlərin fəaliyyətini dayandırması nəticəsində bir sıra mütəxəssislərdə iş imkanları, yaxud motivasiya zəifləyə bilər. Bunu İT sektoru üçün risk kimi dəyərləndirən O.Gündüz fəaliyyəti dayandırılan və ya dayandırılacaq dövlət resurslarının komandalarının yeni ekosistemə transferinə çağırış edir.
Fəaliyyəti dayandırılan mobil tətbiqlərin illər uzunu böyük zəhmət hesabına formalaşdırıldığını vurğulayan O.Gündüz hesab edir ki, hazırkı dəyişikliyə sadəcə texniki dəyişiklik kimi baxmaq olmaz, bu tətbiqlərə əmək sərf etmiş insanlar mütləq nəzərə alınmalıdır, çünki insan kapitalı, təcrübə və motivasiya itərsə, onu yenidən yaratmaq çətin olar.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
