Yanvarın 5-nə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı planlaşdırılıb. Gündəlikdəki əsas mövzulardan biri Ukrayna münaqişəsinin nizamlanmasıdır.
Rəsmi açıqlamalarda Türkiyə lideri Ankaranın sülh razılaşmasının əldə olunması üçün diplomatik səylərdə fəal iştirak etdiyini və bütün tərəflərlə — Rusiya, Ukrayna və Qərb tərəfdaşları ilə əlaqələri davam etdirdiyini vurğulayıb.
Trampla bu gün və bir neçə saat ərzində olası telefon danışığı da bu diplomatik prosesin tərkib hissəsi kimi qiymətləndirilir. Ərdoğan bildirib ki, gələn həftə Parisdə Ukraynaya dəstək məqsədilə “istəkli ölkələr koalisiyası”nın sammiti keçiriləcək və Türkiyə adından həmin tədbirdə xarici işlər naziri Hakan Fidan iştirak edəcək.
Musavat.com “Svobodnaya pressa” ya istinadən xəbər verir ki, nəşr Türkiyəni hədəf alıb.
“Fidanın hansı maraqları təmsil etdiyini onun aldığı mükafatlar da göstərir. O, Kiyev hakimiyyəti tərəfindən Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, eləcə də Ukraynanın dünyada tanıdılmasına töhfəsinə görə “III dərəcəli Xidmətə görə” ordeni ilə təltif olunub. Bundan başqa, 2024-cü ildə Hakan Fidan Azərbaycan Prezidenti İlham Əliyevin əlindən “Azərbaycanın Dostu” qızıl ordenini alıb” deyə, nəşr yazır.
ABŞ və Kanada İnstitutunun aparıcı elmi əməkdaşı Vladimir Vasilyev nəşrə deyib ki, Tramp Rusiyanın danışıqlardan tam çıxacağından ehtiyat edir. “Belə bir halda onun sülhməramlı rolu tamamilə puç olar. Moskvanın susqunluğu Vaşinqton üçün gözlənilməz olub və ABŞ Vladimir Putinin iqamətgahına edilən hücuma Kremlin necə cavab verəcəyini gözləyir. Rusiyada Trampa açıq şəkildə bildirilib ki, ABŞ bu hücumda bu və ya digər formada iştirak edib. Bu səbəbdən Tramp narahatdır və NATO üzrə tərəfdaşı olan Ərdoğanı prosesə cəlb etməyə çalışır”- ekspert nəşrə söyləyib. Ekspert iddia edir ki, bu kontekstdə Ərdoğan Rusiyanı danışıqlar prosesində saxlamaq üçün təlimatlandırıla bilər.

Eyni mövzu ilə bağlı “SP”ya danışan politoloq Leonid Krutakovun fikrincə, Rusiyada Ərdoğan tez-tez dost kimi təqdim edilsə də, Türkiyənin əsas məqsədi Rusiyanın regionda təsirini zəiflətməkdir:
“Rusiya iqtisadi baxımdan Türkiyədən asılı vəziyyətə düşüb: “Cənub axını” bağlandıqdan sonra qaz tədarükü Türkiyə üzərindən yönləndirilib və bu, məcburi addım olub. Eyni zamanda Türkiyə postsovet məkanında əsas tərəfdaşı kimi Azərbaycanı görür. Qarabağ müharibəsində Bakının qələbəsində Türkiyə ordusunun rolu həlledici olub. Türkiyə həm də “Tramp dəhlizi”nə dəstək verməklə “Şimal–Cənub” layihəsinə zərbə vurur”.
Krutakov vurğulayır ki, Türkiyə NATO üzvüdür və hərbi əməkdaşlıq məsələlərində həmişə ABŞ-ın tərəfində olacaq. Türkiyə ərazisində Amerika raketləri yerləşdirilib və Ankara “istəkli ölkələr koalisiyası”nda iştirak edir. Bu isə Ukraynanın açıq müdafiəsidir və faktiki olaraq ABŞ-ın dayaq nöqtəsidir.
Onun sözlərinə görə, Türkiyə münaqişənin Koreya modeli üzrə dondurulmasını — uzunmüddətli, zəif intensivlikli qarşıdurmanı təhlükəsizlik forması kimi görür. Krutakov hesab edir ki, Tramp və Ərdoğan Ukraynanın gələcəyini öz milli maraqlarından kənar müzakirə etməyəcəklər. “Türkiyə vasitəçilik müqabilində Ukraynadan pay tələb edəcək. Lakin problem ondadır ki, Ukrayna faktiki olaraq artıq bölüşdürülüb: torpaqlar və müəssisələr Qərb nəzarətindədir. Əgər Rusiya ərazilər əldə edərsə, uzunmüddətli maliyyə iddiaları başlayacaq.
Bununla belə, hələ “bölüşdürülməmiş paylar” qalır və Türkiyə məhz bu sahələrdə öz maraqlarını təmin etməyə çalışacaq” deyə, o bildirib.