Medianews.az
Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə
122 baxış

Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Dumanlı hava yollarda ciddi təhlükə yaradır.

Medianews.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib.

Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Eyni zamanda sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürəti görünüş məsafəsinə uyğun seçmək, qəfil manevrlərdən və ötmələrdən çəkinmək, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamaq tövsiyə edilib. Zərurət olmadıqca dumanlı hava şəraitində səfərlərin təxirə salınmasının məqsədəuyğun olduğu vurğulanıb. Dayanma və ya qəza hallarında isə qəza işıqları və xəbərdaredici nişanlardan istifadə olunması tövsiyə edilib.

Piyadalara yolun yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmək, qaranlıq və dumanlı havada açıq və ya işıq əks etdirən geyimlərdən istifadə etmək, yolun hərəkət hissəsinə qəfil çıxmamaq tövsiyə olunub. Həmçinin vurğulanıb ki, dumanlı havada sürücülərin piyadaları vaxtında görməsi çətinləşir.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırır. Bir anlıq ehtiyatsızlıq geridönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol - birgə məsuliyyətdir", - məlumatda qeyd olunub.

Bizə qoşulun