Medianews.az
Tut yarpağının şəkli
108 baxış

Tut yarpağının şəkli

Broyler toyuğunu sarı boyayıb “kənd toyuğu” adıyla satmaq istəyənlərin növbətisi Xırdalan tərəfdə aşkar edilmişdir. Bu, müstəqillik tariximizdə maraqlı saxtakarlıq növlərindən biridir. Fabrik yumurtasını palçığa bulaşdırıb “kənd toyuğunun yumurtası” adıyla satan cinayətkar qruplaşmalar da vardır. Mən burada qətiyyən şişirtmə eləmirəm, ictimai-siyasi sabitlik şəraitində əslində bu dəqiqə bizdə ancaq toyuq-yumurta boyayan dəstələr azadlıqda cövlan edir. Qalan bütün quldurlar yaxalanmış, cəmiyyətdən təcrid olunmuşdur.

Eyni zamanda, toyuq və yumurta üzərində aparılan eksperimentlər alimlərimizin “Toyuq əvvəl olub, yoxsa yumurta” elmi sualına cavab tapdığını göstərir: əvvəldə rəng olmuşdur. Rəngləməsən, nə biləsən bu nə quşdur, bu nə “daşdır”? Cümlənin qafiyəli alınmasında məna vardır, vaxtilə görkəmli şairimiz Səməd Mənsur bu vəziyyəti özünün “Rəngdir” adlı şeirində möhtəşəm şəkildə qələmə almışdır: “Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir. Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir”.

Nəticədə biologiya, zoologiya kimi lüzumsuz elmlərlə məşğul olmağımıza ehtiyac qalmır, camaat döşənib ancaq filologiyadan müdafiə edir. Məsələn, keçən il 23 nəfərə biologiya üzrə, 98 nəfərə isə filologiya üzrə elmlər namizədi adı verilmişdir. Yəqin 23 nəfər “Kənd toyuğunu sarının hansı çaları ilə boyasan kənddə Sarı gəlinin bəslədiyi cücələrə oxşayar” mövzusunu işləmişdir. 98 filoloqumuzun mövzularını, elmə gətirdiyi yeniliyi dövlət sirri kimi qoruyurlar, ancaq zaman keçdikcə üzə çıxır, görürük ki, təxminən elə oxşar elmi kəşflərdir. Məsələn, 100 ilə yaxındır elmi hin və həyətlərimizdə “Milli poeziyamızda qaqqıldamaq gözəllərin təsvir metaforası kimi və bunun dekadans və simvolikada inikasının yumurtavari törəmələri” tipində mövzu müdafiə edən filoloqlarımıza rast gəlinir.

Şəxsən mən buna pis baxmıram. Guya başqa nə iş görməliyik? Örnək üçün, keçən ilki alimlərimiz sırasında məni çox təəccübləndirən “texnika elmləri üzrə” qrafası oldu. 41 nəfər namizədlik, 14 nəfər isə doktorluq müdafiə edib. Hətta texnika elmləri doktorlarımızın sayı filologiya üzrə doktorluq alanlardan da çox çıxmışdır! (Filoloq doktorlar 12 nəfər olub). Bunlar hansı texnikaları kəşf ediblər, nə qayırıblar – məlum deyil. Bəlkə əbədi mühərriki kəşf ediblər? Ya da yağış suyundan elektrik alan o qız böyüyüb? Nəsə, müəmmalı məsələdir.

Texnika alimi var, texnikamız yoxdur. Hara baxırsan, elmlər doktorudur, camaat xəstələnəndə doktor tapmır. Adambaşına 10 filoloq düşür, ana dilimizi yadımızdan çıxarmışıq.

Yeri gəlmişkən, keçən il Daşkənddə turizm sərgisində özbək qardaşlarımız “Qaragöz boy, boy” mahnısına rəqs edən robot göstərmişdilər. O zaman mən fikirləşdim ki, bu, nəsə biz türk xalqlarının qanında var, robot görəndə onu oynatmaq istəyirik. AMEA-nın Məşədi İbadın mahnısına oynayan robotu, məsəl üçün.

Qayıdaq boya temasına. Mənə uca millətimizin bu “kənd toyuğu” azarkeşliyi də çatmır. Hamımız şəhərə yığışmışıq, ürəyimiz kənddə qalıb. Belə təbii yemək istəyirsinizsə, buyurun, kəndinizə dönün. Hamı özünə qayıtmalıdır. Bunun bir təzahürü İçərişəhərdə yaşanıb. Orda “Tut ağacı” meydanı varmış, adını dəyişib “Ağa Salah” meydanı qoyublar. Sən demə, bu Ağa Salah bir bəstəkarın və bir vəzifəli şəxsin ulu babasıdır. Bəstəkar deyir, həmin meydanı mənim babam düzəldib, tarixi adı qaytardıqları üçün hökumətə minnətdaram.

Əlbəttə. Tut ağacı kimə lazımdır? Bəlkə çoxdan qurudub kəsiblər. Əsas odur “Tut ağacı” mahnımız var. Bir dənə də tut yarpağı rəsmi çəkirsən, oturub baxırsan. O`Henri bu üsulla adamları xilas edirdi, biz isə hələ xəstəxanaya gedirik...

Zamin Hacı

Bizə qoşulun