Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiyaya qarşı mümkün güc iddiasının NATO-nun dağılmasına və Avropanın təhlükəsizliyinə xələl gətirə biləcəyini bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, M.Frederiksen ABŞ-nin Qrenlandiya ilə bağlı mümkün hərəkətlərinin ciddi nəticələri barədə xəbərdarlıq edib.
“Əgər ABŞ başqa bir NATO ölkəsinə qarşı hərbi güc tətbiq etmək qərarına gələrsə, hər şey bitəcək”, - Frederiksen “Associated Press” agentliyinə bildirib.
Frederiksen həmçinin ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti bərqərar etmək fikrindən imtina etdiyinə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, Amerika lideri "ciddi"dir.
O, telefon danışığı zamanı Kopenhagenin mövqeyini Trampa çatdırdığını bildirib. Kopenhagen birlikdəki üç ölkədən hər hansı birinin – Danimarkanın özünün, Qrenlandiyanın və Farer adalarının başqa dövlət tərəfindən ilhaq edilməsini qəbuledilməz hesab edir.
Qrenlandiyanın baş naziri Yens Frederik Nilsen də oxşar xəbərdarlıq edib. O, ABŞ-ın adaya qarşı hər hansı bir hərbi əməliyyatının fəlakətli nəticələrə səbəb olacağını bildirib.
Mətbuat konfransında Nilsen vurğuladı ki, Qrenlandiya ətrafındakı vəziyyət digər bölgələrlə müqayisə edilə bilməz.
“Biz ölkənin bir gecədə işğal altında qalacağını güman edə biləcəyimiz vəziyyətdə deyilik və buna görə də konstruktiv əməkdaşlığa israr edirik”, - o deyib.