Medianews.az
Doktor Pezeşkian, mollasan ki, molla...
45 baxış

Doktor Pezeşkian, mollasan ki, molla...

Özüm şahidi olmamışam, amma bir vaxt danışırdılar ki, rəhmətlik Əbülfəz bəy bəzi güneyli-quzeyli siyasi fəallara hərdən zarafatla deyirmiş ki, bəylər, bu qədər çalışıram sizə də siyasət öyrədim, amma alınmır ki, alınmır – mollasınız ki, molla...

Çox xahiş edirəm, sözlərimdə başqa məna-filan aramayın, hətta adam indi, bu ahıl yaşında anlamağa başlayır ki, Əbülfəz bəyin kiminsə haqqında zarafatyana bir söz deməsinin özü də qürur duyulası məqamdır, yəni burada mənim hər hansı məkrim - filanım yoxdur. Niyə bunu xatırlamağımı da elə indicə deyəcəm.

Başqalarını bilmirəm, müxalifət müstəvisində Əbülfəz bəy qədər İrandakı prosesləri izləyən, xüsusən də bilən ikinci adam yox idi. Odur, çox güman, o, doktor Pezeşkianı da izləmək imkanında olsaydı yəqin eyni sözü deyərdi: doktor, incimə, amma, vallah, mollasan ki, molla..,

İslam inqilabından az qala, yarım əsr vaxt keçib. Bu müddətdə “islahatçı” adı ilə nə qədər adam hakimiyyətə gəlib, amma heç nə edə bilməyiblər! Bir qədər böyük çıxmasın, mən də bir sıravi siyasi təhlilçi kimi bu haqda çox düşünmüşəm və indi də düşünürəm. Amma axırda özüm özümə belə bir qərar verirəm ki, İranda seçilən “islahatçılar” ən zəiflərin arasından seçilmiş “güclülər”dir, rejim ölkədə elə bir “süzgəc” yaradıb ki, həqiqi güclü adamın seçilməsi heç cür mümkün deyil...

Doğrusu, doktor Pezeşkianla bağlı müəyyən ümidlərimiz vardı, həm də ona görə ki, adam elə belə “islahatçı” da deyil, Cənub türküdür, arxasında azı on milyonlarla adam dayanan siyasətçidir. Əlbəttə, İranın az qala, 80 milyon əhalisi var və hətta məhdud seçkidə belə bu ölkədə prezident seçilmək hər kişinin işi deyil. Bunu da anlayır və qeyd edirik.

Heç kim doktordan və yaxud da qeyrisindən İranı parçalamağı və ya onun sərhədlərini dəyişməyi gözləmirdi və indi də gözləmir. İrandakı digər xalqlar da bizim müsəlman qardaşlarımızdır.
Ondan həqiqətən bir islahatçı siyasət adamının alınacağını düşünürdük və indi də yalnız buna ümidliydik: yetər ki, bu ölkədə insanların haqları-hüquqları genişlənsin, ölkə dünyəvi dövlətçilik istiqamətində real addım atsın, ölkənin ikinci ən böyük xalqı olan türklərin mədəni haqları tanınsın! Quzey Azərbaycanının və azərbaycanlılarının bundan artıq bir umacağı yox!..

Ona görə də nəsə olan kimi dərhal durub Quzey Azərbaycanını anti-sionist və yaxud da anti - Qərb testindən keçirməyə çalışmağa da lüzum yox, bir gün biz quzeylilər də bundan bezə bilərik! Axı daha neyləməliyik? Yoxsa hər il Quma gedib mollaların qarşısında qonşuluğa sədaqət andı içməliyik?
Belədəsə, deyəsən, bu dəfə də alınmadı. Ötən yazılarda prezident Ərdoğanın siyasi biorqafiyasından bir detalı qabartmışdıq: Gülənin hətta Türkiyədən kənarda çox böyük şəbəkəsi vardı, bildiyimizə-eşitdiyimizə görə, “böyük güclər”dən də dəstəyi vardı, amma Ərdoğanla bacarmadılar, ən əsası da ona görə ki, o, qiyamçıların qarşısına ordudan da əvvəl Türkiyə insanını çıxartdı və qalib də gəldi.
Bunları niyə deyirik? Hələ sovetlərin vaxtında Ərəfatın bir sözünü çox eşitdirirdilər: “Mən İsrail tanklarının qarşısına fələstinli uşaqları çıxaracam!”

Təkrar soruşa bilərsiniz ki, bunu niyə deyirsən? Məsələ bundadır ki, doktor Pezeşkianın iranlı insanları küçələrə səsləməsinə də ehtiyac yox idi, on minlərlə insan özləri küçələrə çıxmışdı!
Dünyada heç bir hakimiyyət yeri gələndə özünün xalqından –cəmiyyətindən güclü ola bilməz. Hamı deyir ki, bəs SEPAH belə gəldi, elə getdi! Nə edəcəkdi SEPAH?! İnsan selini görəndən sonra təyyarələrə doluşub qaçaqdılar ölkədən! Azmı olub dünyada belə hadisələr? Sadəcə, bilirisiz, problem nədədir? Siyasət həqiqətən də “qadın monastrı” deyil...

Dəfələrlə yazmışıq ki, doktor prosesdən ən azı güclənib çıxmalı idi, İranın taleyi həm də onunla müzakirə olunmalı idi! Bacarmadı, şansı əldən verdi. Danışıqlara başlamazdan ABŞ rəsmiləri açıqca dedilər ki, İranın real hakimiyyəti ruhanilərdir. Bəli, sonunculara da bu, lazım idi! Onlara lazım idi ki, hamı bunların qapısını döyməyə məcbur olsun, ardınca nə etmək lazım gələcəyinisə ruhani elitası hamıdan yaxşı bilir: ağılsız adam deyillər, azı yarım əsrdir ki, İranı idarə edirlər...
Hələ ABŞ-la İran arasında danışıqlar yenicə başlayıb, ABŞ-la İsrail mövqelərini tamam razılaşdıra bilməyiblər. Netanyahu ilə Tramp arasındakı danışıqlar necə deyər, nəticə verməyibdir. Hiss olunur ki, Tramp mollalarla sövdələşməyin tərəfdarıdır və güman, Vaşinqton son nəticədə bunu Təl-Əvivə də qəbul etdirəcək.

Ona görə də böyük hesabla daha bir böyük şans əldən verildi. Mollalar artıq etirazların kökünü-mənbəyini araşdırmağa cəhd edirlər: bir yandan 2000 etirazçının əfv edildiyi deyilir, o biri tərəfdən 200 təşkilatçının həbs olunduğu bildirilir! Ruhani elitası hərifdirmi? Vaşinqton və Təl-Əvivlə məsələni razılaşdırandan sonra ölkənin torpağını da qazıyacaqlar, təcrübələri də yetərincədir.
Hər belə uğursuz cəhddən sonra bilirsiz, insanlar necə məyus olur? Hələ onların yaşadıqları iztirabları demirik...

Əlbəttə, bütün bunlar prosesləri kənardan izləyən bir adi siyasi təhlilçinin ötəri-səthi qeydləridir və 80 milyon əhalisi olan bir ölkənin prezidentinə “dərs keçmək” fikrimiz yox.
Amma, əzizimiz Doktor, kimsə Sizi real hakimiyyət saymır, ruhani elitasının “oyuncağı” hesab edir – bu sözə görə dəfələrlə üzr istəyirəm, amma acı reallıqdır...

Amerikalılar Sizinlə də kontakt aramağa cəhd edərdi, hərçənd, mən də razıyam ki, hətta Vaşinqtonun da “qarnının ağrısı” tamam başqadır: guya ərəb rejimləri-monarxiyaları İrandan yaxşı gündədir? Əlbəttə ki, yox! Amma Dünyada insanlar azadlığa Trampa-filana xoş gəlməkçün can atmır, ona görə can atırlar ki, bu haqqı onlara Tanrı verib: nə Tramp, nə Xameneyi, nə də ki, hərbi cani Netanyahu...
Amma artıq deyəsən, məsələ tamam yəqindir: daha qonşu ölkədə heç bir islahata - filana ümid etmək, ay, nə bilim, “İranda hakimiyyətə islahatçılar gəlibdir!” deməyə ehtiyac da yoxdur, bütün bunlar maketdir!

İranda milyonlarla soydaşımız yaşayır və kimsə istəməz ki, onlar, ailələri, uşaqları hansısa məhrumiyyətlər yaşasınlar, eləcə də digər müsəlman qardaşlarımız! Fəqət, bu gün rejim çox tərslik edir, heç bir nəticə çıxarmaq istəmirlər. Odur, proseslər yenə olacaq, yenə də insanlar küçələrə axışacaqlar. Mütləq olacaq! Hətta bizim Cənublu soydaşlarımız bunu istəməsə də! Belə məsələlərdə uzağı, siyasi pauza olur...

Açığı, Cənublu qardaşlarla bağlı bir qeydi etməkdən adam özünü saxlaya bilmir: böyürlərində bizin Azərbaycan düz otuz il Ermənistanla müharibə etdi və bu illər ərzində İran hökumətləri hansı oyunlardan çıxmadılar! Amma heç olmasa, bir dəfə Cənublu qardaşlarımız buna qarşı heç olmasa, Təbrizdə bir aksiya təşkil etdilərmi? Niyə bəzi şeyləri gizlədirik? Qarabağda vuruşmaqçün ermənilər daha haralardan gəlmiridilər? Bir üzü Suriyadan tutmuş, az qala, ABŞ-a qədər! Terrorçu Monte Melkumyan kim idi? Səhv etmiriksə, bir amerikalı erməni, hansı ki, həm də Berkli universitetini bitirmişdi...

Bununla qəti “köhnə çuval içi” eşələmirik: Qarabağ da tamam azad olundu, vaxt gələcək, digər məsələlər də tədricən, sakitcə həllini tapacaq. Amma şeir oxumaqla nəsə həll olmur, qardaşlar, hələ Dünyadakı bir çox yeni tendensiyaları demirəm. Bir detal yadıma düşür burada.
Rus-komsomol qafalı Vəzirovun hakimiyyəti vaxtlarıydı. Gündə bir xəbərlə çıxırdı insanların qabağına: gah Tümendən hamam gətirdirdi, gah deyirdi ki, sevinin, camaat, ermənilər qayıdır! Bir dəfə də dedi ki, bəs Mixail Sergeyeviç Qorbaçov mənə dedi ki, kompüterləşməni sizin respublikanızdan–Azərbaycandan başlayacağıq!..

Sonra nə oldu? Nə Vəzirova ehtiyac oldu, nə də Qorbaçova! Heç xəbərimiz də olmadı ki, kompüterlər həyatımıza necə daxil oldu! Bir də ayılıb gördük ki, az qala, hamımızın evimizdə də kompüter var! İnanın, başqa şeylər, hətta süni intellekt-filan da belə olacaq! Əsas odur ki, azad və təşəbbüskar insan, bir də həqiqətən də yaradıcı – sərbəst mühit olsun, qalan hər şey həllini tapacaq. Bəli, necə ki, Adam Cmit (inanın, bu adam qədər tarixdə insanı, onun təbiətini duyan ikinci iqtisadçı olmayıb!) daim vurğulayırdı ki, bazar iqtisadiyytının “gizli əli” özü hər şeyi həll edəcək. Çalışaq, onu kəsməyək, qalan, təkrar deyirik ki, düzələndir...

Hüseynbala Səlimov 

Bizə qoşulun