Fevralın 12-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi cəhdinin qarşısının alınması barədə məlumat yayıb. Bu iş şərti olaraq “Ramiz Mehdiyev işi” adı alıb.
Medianews.az bildirir ki, ilk rəsmi məlumatdan sonra ölkənin dövlət qəzetlərinin hamısında Ramiz Mehdiyev haqqında tənqidi məqalələrin dərcinə başlanıb.
Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işinin başlandığı, onun hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ittihamları ilə ev dustaqlığına alındığı ictimaiyyətə 2025-ci ilin oktyabr ayının ortasından bəlli idi. Noyabrın əvvəlində Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq əməkdaşı Eldar Əmirovun, noyabrın sonlarında AXCP sədri Əli Kərimlinin və müşaviri Məmməd İbrahimin bu işə görə tutulduğu bilindi. Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun axtarışa verildiyi haqda dekabrın ikinci yarısında ölkə mediasında dərc olunan xəbərlərdə məsələnin kökündə “Ramiz Mehdiyev işi”nin dayandığı vurğulandı.
Lakin bu müddət ərzində dövlət qəzetlərinin heç də hamısı “Ramiz Mehdiyev işi” barədə yazmırdı. İndi durum dəyişib və rəsmi qəzetlərin hamısının 13 fevral sayında DTX-nin məlumatı ilə yanaşı iş üzrə təqsirləndirlən şəxslərin, xüsusilə Ramiz Mehdiyevin tənqidinə yönəlmiş əlavə şərhlər də verilib.
Azərbaycanda üç rəsmi dövlət qəzeti var: “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetləri. İlk iki qəzet həftədə beş dəfə çıxır, rusdilli “Bakinski raboçi” həftəlik qəzetdir, cümə günləri işıq üzü görür.
“Xalq qəzeti” və “Bakinski raboçi” Prezidentin İşlər İdarəsinin nəşri, “Azərbaycan” qəzeti Milli Məclisin orqanıdır.
“Bakinski raboçi” qəzetinin 13 fevral sayında redaksiyanın şərhi DXT-nin rəsmi məlumatının girişinə əlavə olunub və material “Anadangəlmə cinayətkarlar. Ramiz Mehdiyevin və digər vətən xainlərinin işi üzrə dəlil-sübutlar toplanıb” (“Преступники по определению. Собрана доказательная база по делу Рамиза Мехтиева и других предателей Родины”) başlığı altında dərc edilib.


Fevralın 13-də “Azərbaycan” qəzetində dərc olunmuş “Xəyanətkar şəbəkənin siması ifşa olundu. Suverenliyimizə qəsd edənlər ən ağır formada cəzalandırılmalıdırlar” başlıqlı yazıda deyilir: “Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digər şəxslərin xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişdirmək və hakimiyyəti ələ keçirmək niyyətləri ilə bağlı məlumat yayıb. DTX-nin məlumatına əsasən, 2013-cü il seçkilər ərəfəsində xaricdə yaradılmış "Milyarderlər İttifaqı"nın rəhbərləri və dağıdıcı müxalifət nümayəndələri xarici dövlətlərin maddi və təşkilati dəstəyilə kütləvi iğtişaşlar törətmək üçün sövdələşiblər.
Bu məqsədlə Ramiz Mehdiyev və Abbas Abbasov tərəfindən ayrılan böyük məbləğdə vəsaitlərdən istifadə edilib. İstintaq materiallarında həmçinin Əli Kərimlinin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə üzv olacağı və strateji maraqları təmin edəcəyi barədə vədlər verdiyi aşkarlanıb. Həmçinin 2020-ci ilin iyul hadisələri zamanı Əli Kərimlinin strateji dövlət binalarının ələ keçirilməsi üçün təxribat xarakterli göstərişlər ötürdüyü məlum olub. Eyni zamanda 2025-ci ilin son aylarında Ramiz Mehdiyevin dövlət idarəetməsini devirməyi nəzərdə tutan gizli planları Əli Kərimli ilə paylaşdığı və xarici dövlətlərə ötürdüyü texniki vasitələrlə fiksə edilib. Bununla yanaşı, Ramiz Mehdiyev dövlətə xəyanətdə və 17 milyon manatdan artıq cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırmaqda ittiham olunur.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) materialları göstərir ki, bu şəbəkə, sadəcə, siyasi müxalifət qrupu deyil, xarici dövlətlərin kəşfiyyat orqanları tərəfindən idarə olunan, daxili və xarici qanadları olan mütəşəkkil struktur kimi fəaliyyət göstərib. Ramiz Mehdiyev şəbəkənin ən yüksək pilləsində dayanaraq xarici ölkənin xüsusi xidmət orqanları ilə Azərbaycandakı "beşinci kolon" arasında əsas halqa rolunu oynayıb. Ramiz Mehdiyev 2025-ci ildə dövlət idarəetməsini devirmək üçün xarici dildə xüsusi direktivlər hazırladaraq bu sənədləri həm xarici kəşfiyyat orqanlarına, həm də daxili icraçılara ötürüb. O, dövlət strukturları daxilindəki təsir rıçaqlarını və əlaqələrini ölkəni daxildən zəiflətməyə, xarici güclərin maraqlarını Azərbaycanın dövlət təhlükəsizliyi əleyhinə reallaşdırmağa yönəldib.
Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP şəbəkəsi isə planın sahə icrasını həyata keçiriblər. Onlar 2013-cü il seçkiləri və 2020-ci ilin iyul hadisələri zamanı vətənpərvərlik şüarlarını manipulyasiya edərək kütləni Milli Məclis və AzTV kimi dövlət əhəmiyyətli binaların zəbt edilməsinə yönəltmək vəzifəsini yerinə yetiriblər. Bu şəbəkənin fəaliyyəti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhlükə altına qoymaqla yanaşı, dövlət hakimiyyətinin konstitusiyadan kənar yollarla, xarici hərbi-siyasi dairələrin köməyilə ələ keçirilməsinə xidmət edib. Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyü və suverenliyinə qənim kəsilmiş bu şəbəkə ardıcıl olaraq ölkədə gərgin vəziyyət yaratmaq, ictimai sabitliyi pozmaq, dövlət maraqlarına qarşı planlar qurmaq və gerçəkləşdirmək istiqamətində fəaliyyət göstərib, ölkənin nüfuzuna xələl gətirmək üçün bütün mümkün vasitələrdən istifadə edib. Xain şəbəkənin fəaliyyəti yalnız hakimiyyət davası olmayıb, birbaşa Azərbaycanın milli maraqlarının və suveren hüquqlarının xarici güclərə peşkəş edilməsinə çalışıblar. Xarici xüsusi xidmət orqanlarının təlimatı ilə Azərbaycanın daxili və xarici siyasəti barədə beynəlxalq təşkilatlara təhrif olunmuş məlumatlar ötürülüb. Belə ki, "Milli Şura" vasitəsilə xarici dövlətlərə gizli məktublar ünvanlayaraq, Azərbaycan dövlətinə qarşı sanksiyalar tətbiq edilməsi və siyasi təzyiqlərin artırılması xahiş edilib.
Şəbəkənin ən ağır cinayətlərindən biri Azərbaycanın strateji maraqlarını xarici güclərin maraqlarına qurban vermək vədi olub. Əli Kərimlinin hakimiyyətə gətirilməsi müqabilində Azərbaycanın hərbi-siyasi müstəqilliyini məhdudlaşdıran və ölkəni başqa bir dövlətin hərbi blokuna (KTMT) daxil etməyi nəzərdə tutan gizli razılaşmalar suverenliyə birbaşa qəsddir.
Vətən müharibəsi kimi taleyüklü bir dövrdə bu qrupun fəaliyyəti birbaşa milli orduya, xalqın birliyinə və dövlətin qələbə əzminə qarşı yönəlmiş terror xarakteri daşıyıb. Xəyanətkar şəbəkə Azərbaycanın ən həssas və həlledici dövründə, torpaqların azad edilməsi ərəfəsində xarici kəşfiyyatın "psixoloji əməliyyat" mərkəzi kimi fəaliyyət göstərib. Əsas vəzifəsi xalq arasında ümidsizlik toxumu səpmək olub. Məqsədyönlü şəkildə Azərbaycan Ordusunun gücü, texniki təchizatı və döyüş qabiliyyəti barədə şübhələr yaradaraq ictimai rəyi çaşdırmağa səy göstərib. Bu, düşmən tərəfin apardığı təbliğatla tam üst-üstə düşən bir fəaliyyət idi.
Ramiz Mehdiyevin dağıdıcı müxalifəti daim aktiv fəaliyyətə sövq etməsi dövlətin diqqətini xarici cəbhədən daxili cəbhəyə yayındırmaq məqsədi güdürdü. Müharibə ərəfəsində dövlətin bütün resurslarını cəbhəyə yönəltdiyi bir vaxtda Mehdiyev və onun əlaqəli olduğu qruplar süni daxili böhranlar, mitinqlər və itaətsizlik aksiyaları ilə dövləti zəiflətmək niyyəti güdüblər. Mehdiyev illərlə dövlət aparatında topladığı rıçaqlardan istifadə edərək xain qrupları maliyyələşdirib və onları sistemli şəkildə dövlət maraqlarına qarşı hücuma yönəldib. Şəbəkə Azərbaycanın müstəqil qərar-vermə və torpaqlarını hərbi yolla azadetmə iradəsini sarsıtmaq üçün həm daxili media resurslarından, həm də sosial şəbəkələrdəki trol qruplarından maksimum istifadə edib. Lakin dövlətin qətiyyəti və xalqımızın birliyi bu psixoloji sabotaj planlarını alt-üst edərək şəbəkənin ifşasına şərait yaradıb.
Baş verənlərə nəzər yetirdikdə aydın olur ki, xaricdəki söyüş müxalifəti də bu şəbəkə tərəfindən təlimatlandırılıb və idarə olunub. Ramiz Mehdiyev və onun xarici tərəfdaşlarının rəhbərlik etdiyi söyüş müxalifəti siyasi mübarizəni etik normalardan çıxararaq Azərbaycan dövlətçiliyinə və milli dəyərlərə qarşı bir təzyiq alətinə çeviriblər. Xaricdə sığınacaq tapan ünsürlər mərkəzləşdirilmiş qaydada siyasi sifarişlər yerinə yetiriblər. Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərin daxildəki maraqlarına uyğun olaraq dövlət rəhbərliyi və milli maraqları qoruyan şəxslər, o cümlədən müstəqil dövlət qurumları ən çirkin formada hədəf seçilib. Təhqir, şantaj və böhtan vasitəsilə cəmiyyətdə xof yaratmaq, dövlət məmurlarını mənəvi basqı altında saxlamaq və sağlam siyasi dialoq mühitini məhv etmək əsas hədəf olub. Milyonlarla manatın məhz bu "media resursları"na və "bloqçulara" yönəldildiyi şübhəsizdir. Daxildən ötürülən uydurmalar məhz həmin qruplar vasitəsilə tirajlanaraq, dövlətin daxili sabitliyinə zərbə vurmaq üçün istifadə edilib.
Azərbaycan xalqının mentalitetinə zidd olan söyüş və təhqir leksikonunu siyasi müstəviyə gətirməklə, cəmiyyətdəki etik sədləri sarsıtmaq və gənc nəsli dövlətə qarşı radikallaşdırmaq məqsədi güdülüb. Faktlar göstərir ki, Ramiz Mehdiyevin rəhbərlik etdiyi şəbəkə Azərbaycanın həm fiziki, həm də mənəvi təhlükəsizliyini hədəf alıb. Söyüş müxalifətinin bu şəbəkə tərəfindən idarə olunması, xəyanətin miqyasının nə qədər geniş və sistemli olduğunu bir daha təsdiqləyir.
Şəbəkənin ifşası göstərir ki, Azərbaycanda "fərqli qütblər" kimi görünən qüvvələr, yəni Ramiz Mehdiyev, dağıdıcı müxalifət və xaricdəki söyüş qrupları, əslində, vahid bir mərkəzdən xarici diktə ilə idarə olunublar. Hər biri öz sahəsində dövlətin müstəqilliyinə zərbə vurmaq üçün koordinasiyalı çalışıblar. Xain şəbəkənin ifşası Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı sayəsində mümkün olub. Bu şəxslər hazırda həm hüquq qarşısında, həm də xalqın mənəvi mühakiməsi qarşısında cavab verirlər. Onların xəyanətkar siması Azərbaycanın müstəqillik tarixində dövlətə qarşı qurulmuş ən təhlükəli sui-qəsd cəhdlərindən biri kimi həkk olunacaq”.

“Xalq qəzeti”nin 13 fevral sayında işıq üzü görən “Xəyanətin anatomiyası. Platon, Şekspir və Hüqo niyə təəccübləndi?” başlıqlı məqalədə bunlar yer alır: “Platon deyirdi ki, dövlətin ən böyük bəlası ona düşmən olanlardan çox, ona dost görünüb zərbə vuranlardır. Onun xəyanətə baxışı belə idi. Lev Tolstoy isə xəyanətin yalnız bir hərəkət deyil, xarakterin güzgüsü olduğunu vurğulayırdı. Uilyam Şekspir “xəyanət edən, əvvəlcə öz şərəfini öldürür” deyirdi. Hesab edirik ki, bu mənada ən dramatik fikir Viktor Hüqoya məxsusdur. Onun fikrincə, Vətənə xəyanət, insanın öz vicdanına vurduğu ən ağır zərbədir.
Bəli, dövlət çevrilişinə cəhd yuxarıda vurğuladığımız və eyni zamanda, haqqında söz açmağımız bütün məqamların, yumşaq desək, çox pis təzahürüdür. Təsəvvür edin, uzun müddət hakimiyyət eşelonunda çox yüksək vəzifə tutmuş Ramiz Mehdiyev bu təzahürün, belə demək mümkünsə, iyrənc nümunəsidir. Əslində, təsəvvürə gətirilməsi mümkünsüz haldır. Təbii ki, bu durum Ramiz Ənvər oğlunun şəxsi faciəsidir. Amma...
Neçə il dövlətdə yüksək vəzifə tutasan, ideyalar formalaşdırmış kimi məqalələr, yazılar yazasan, axırda məlum ola ki, hansısa başqa dövlətə sığınırmısan, konkret desək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini Rusiyanın himayəsi altında görürmüşsən. Bundan rəzil durumu təsəvvürə gətirmək, sadəcə, mümkün deyil. O cümlədən, uzun illər Azərbaycanın baş nazirinin müavini olmuş Abbas Abbasovu götürək. Görəsən, onun nəyi çatmırdı? Yəni, xəyanətin bədii ədəbiyyatlarda təsəvvürünü tapan motivi bu qədərmi dərindir" Deməyə söz tapmırıq.
Deməli, adlarını çəkdiyimiz bu şəxslər xəyanətlərini ölkəmizdə müxalifət adına qara yara olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə birlikdə reallaşdırıblar. Daha doğrusu, reallaşdırmaq istəyiblər. Hər halda, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumat bunu deməyə əsas verir. Xəyanət isə dövlət çevrilişinə cəhddir.
...Ramiz Mehdiyev xaricdə kiməsə zəng edir və deyir ki, Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən formalaşdırılması ilə bağlı plan hazırlayıb. Nə qədər də böyük miskinlikdir. Onun Azərbaycandakı şəbəkənin fəaliyyətini xarici ölkə ilə əlaqələndirməsi və ona rəhbərliyi reallaşdırması da həmçinin. Deyəsən, yenə Şimal küləkləri əsdi axı.
Bəli, Ramiz Mehdiyevin rəhbərlik etdiyi və Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə qənim kəsilmiş bu şəbəkə ardıcıl olaraq ölkəmizdə gərgin vəziyyət yaratmaq, ictimai sabitliyi pozmaq, dövlət maraqlarına qarşı planlar qurmaq və gerçəkləşdirmək istiqamətində fəaliyyət göstərib. Bu şəbəkə, həmçinin, respublikamızın nüfuzuna xələl gətirmək üçün bütün mümkün vasitələrdən istifadə etməkdən də çəkinməyib. Həqiqətən, son dərəcə acınacaqlı durumdur. Amma daha acınacaqlı durum var.
Məlumdur ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının ruhundan qaynaqlanmış müqəddəs haqq savaşı idi. Savaş müddətində xalqımızın möhtəşəm vəhdətini gördük. Elə bir vəhdət ki, qarşısında heç bir qüvvə dayana bilmədi və nəticədə müqəddəs Zəfərimizə qovuşduq, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azadlığa qovuşmasına nail olduq.
Amma sözügedən şəbəkə Vətən müharibəsi ərəfəsində ictimai rəydə Azərbaycanın sarsıdıcı zərbə alacağı və uduzacağı rəyini formalaşdırmağa çalışıb. Heç şübhəsiz, bu düşüncə də Rusiyanın buyruq quluna çevrilmiş R.Mehdiyevdən gəlib. Axı müharibə dövründə və ondan əvvəl radikal müxalifət nümayəndələrinin xalqa ünvanladıqları fikirlərə nəzərən də ölkəmizin siyasi və hərbi qüdrətini zədələməyə yönəlmiş çağırışların ön planda dayandığını görmək mümkündür.
Bəli, o dönəmdə müxalif düşərgə tərəfindən ictimai rəyə Azərbaycanın Ermənistanla müharibə aparacağı təqdirdə heç bir şeyə nail olmayacağına dair ideyalar yeridilirdi. Belə ideyalar xaricdən eşidilən və Azərbaycanın, guya, işğalçı müharibə apardığını iddia edən baxışlarla çulğalaşırdı. Yəqin, bu sifarişin üzərindən də Şimal küləyinin əsdiyinin fərqinə vardınız.
Qeyd edək ki, 44 günlük müharibədən əvvəl Rusiyadakı bəzi dairələr Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı, bir növ, bıçağın sümüyə dirəndiyinin fərqinə varmışdılar. Amma onlar nəyin bahasına olursa-olsun Ermənistanı müdafiə etmək, işğalla xarakterizə olunan status-kvonu saxlamaqda maraqlı idilər. Ona görə də Azərbaycan cəmiyyətinin haqq işini gerçəkləşdirmək istiqamətindəki əzmini qırmağa çalışırdılar. Yəqin, müxalifətin 44 günlük müharibənin ilk günlərində və ondan əvvəlki zaman kəsiyində aşıladığı ruh düşkünlüyündəki motivlərin fərqinə vardınız. Ramiz Ənvəroviçin məhz bu şəbəkə ilə əlbirliyi Platonun, Şekspirin, Hüqonun və digər dühaların təfəkküründən süzülən xəyanət anlayışının təsvirindən qat-qat ağırdır.
R.Mehdiyev radikal müxalifəti daim aktiv fəaliyyətə sövq edib və ölkəni daxili gərgin vəziyyətdə saxlamağa çalışıb. Bu istiqamətdə onun xaricdəki söyüş müxalifətini təlimatlandırması və idarə etməsi də xəyanətin bədii ədəbiyyatlarda yer almayan motivlərini ortaya qoyur. Amma Ramiz Mehdiyevin, Əli Kərimlinin, Abbas Abbasovun və şəbəkənin digər üzvlərinin xəyanətkar siması, onların dövlətimizə və xalqımıza, müstəqilliyimizə və konstitusiya quruluşumuza qarşı ardıcıl düşmən fəaliyyətləri ifşa olunur. DTX-nın ortaya qoyduğu və cəmiyyətə açıqladığı məqamlar bunu bir daha göstərməkdədir. Bu məqamlar, eyni zamanda, onu göstərir ki, Azərbaycan dövləti xarici arenalarda olduğu kimi, daxili müstəvidə də möhkəmdir. Xaricdəki qüvvələrin əli ilə gerçəkləşdirilməsinə çalışılan primitiv gedişlər ölkəmizin qürurunu və əzmini, müstəqil siyasi xəttini heç bir halda zədələyə, respublikamızı Prezident İlham Əliyevin rəhbərliyi ilə tutduğu yoldan döndərə bilməz. Xarakterindəki çatlarla şərəfini öldürənlər, vicdanına ağır zərbələr vuranlar haqqa doğru addımlarımızın qarşısını kəsə bilməzlər. Çünki dövlətimizin yolu və addımları xalqımızın iradəsindən və əzmindən nəşət alır”.
