Medianews.az
Dilənçiliyin yuxarı həddi
95 baxış

Dilənçiliyin yuxarı həddi

Bir sərxoş yolnan gedirmiş, görür kimsə yıxılıb ölüb. Onun ciblərini eşələyir, araq butulkası ilə xiyar turşusu tapır, təəccüblə deyir: “Hər şeyin varmış, niyə ölmüsən?”

Pritçanı xatırlamağıma sayın deputatlarımız səbəb olmuşdur. Dünən onlar İnzibati Məcəlləyə bir çox cərimələr salmışlar. Məsələn, dilənçiliyə görə 200 manat tutulacaq. Ancaq hökumət bunu necə alacaq, mənə qaranlıqdır, axı adamın məntiqlə 200 manatı olsa, dilənməli deyil. (Ya da Milli Məclis işarə edir ki, Azərbaycanda bu saat 200 manatı olmaq elə dilənçi kimi yaşamağın alternatividir. Ay xətəkarlar... Sonra deyirlər, biz siyasətə qarışmırıq, hökuməti dəstəkləyirik və sairə. Buyur. Düşmən ocağın başında, düz təpənin üstündə imiş).

Bəlkə qabaqlar da dilənçilik üçün cərimə varmış, indi məbləği qaldırıblar. Bunu zəruri edən səbəblər çoxdur: Hörmüz boğazının bağlanması, Macarıstanda seçkilər, A23 aysberqinin əriməsi... Bizdə bütün dilənçilik kimi fəaliyyətlərin kökündə xarici amillər durur, daxildə hər hansı problemimiz yoxdur, maşallah deyək, göz dəyməsin.

Eyni zamanda, qərarın yerinə yetirilməsi üçün vaxt amili vacibdir. Yəqin hansısa dilənçini tutanda əlinə-ovcuna baxacaqlar, yığdığı vəsait az olsa, bir qədər də fəaliyyət göstərməyinə icazə veriləcəkdir. Ta 200 manatı düzəldənəcən. Əks halda qərarın yerinə yetirilməsi mümkün deyil, hüquqi vakuum yaradır.

Bizim dövlətçilikdə belə şeylər çox olur, məsələn, görürsən hansısa məmurun haqqında saytda ifşaedici, qandonduran, tükürpədici, gözçıxardan, qulaqbatıran, qolqıran, qarınağrıdan (aşağı düşdükcə söhbətin zibili çıxa bilər, dayanaq) material dərc edilmişdir. Hamı dərhal barmağını dişləyir, məmura “Allah rəhmət eləsin” oxuyurlar. Hətta bulvarda domino oynayan, müzakirələrdə adətən Türkiyənin Adıyaman vilayətindən bəri keçməyən, siyasətə nifrət eləyən ağsaqqallarımız da məmurun dalıyca danışmağa başlayırlar. Ancaq birdən görürsən məmur dirilib, hələ camaatı yığıb iclas-zad keçirdir. Hamı qalır mat-məəttəl, sanki xortdan görüblər. Bəs bunun sirri nədədir?

Ay sağ olasan: vaxt söhbətidir. Sayt tələsər, armud vaxtında yetişər, atalar demişkən. Adamın ipi yuxarıdan kəsilməyibsə, ona heç nə olmaz. Bu barədə hədis də var, indi yadımdan çıxıb.

Həmçinin, çox mümkündür ki, hələ işləməyə icazə verirlər, mal-mülkü bir az da artırmasını məsləhət bilirlər. Ətə-qana gəlməlidir. Yoxsa 3-4 restoran, 5-6 bina ilə nə düzələcək?

Vaxt ciddi arqumentdir. Rəhmətlik bəy ona görə həmişə deyirdi ki, hər şeyin zamana ehtiyacı vardır, camaat başa düşmürdü.

Məsələn, metro dayanmışdı, idarə dedi, 1 saata açılacaq, axırda həmin vaxt açdılar. Deməli, hər şey nəzarət altındadır, indi yenə camaat doluşsun, klip çəkdirən klipini çəksin, qucaqlaşan qucaqlaşsın, uşaq doğmaq istəyən doğsun. Yerin altı da bizdə üstü qədər azadlıqdır.

Elə mənə verilən mətbuat azadlığı sayəsində dilənçilik temasına qayıtmaq istəyirəm. Bir sual doğur: əgər bizim qanunlarda 55 manatdan yuxarı hədiyyələr rüşvət sayılırsa, dilənçiliyin 200 manat cəriməsi hüquqi kollaps (savadımı göstərirəm, fikir verməyin) yaratmazmı? Axı sabah rüşvət üstündə tutulan məmurlar dilənçilik etdiklərini bəhanə edərək 200 manat cərimə ilə aradan çıxarlar!

Lakin İnzibati Məcəllədəki bir dəyişiklik çox vacibdir, alqışlayıram, heç bir mız qoymaq fikrim də yoxdur. Xüsusi icra məmurunun paltarını qanunsuz geyinən şəxs 700 manatadək cərimə olunacaq. Doğrudan, hərə öz paltarını geyinsə yaxşıdır. Dilənçilər üçün geyim forması da qəbul edilsə, hüquq daha çox təmin olunar.

Zamin HACI 

Bizə qoşulun