Medianews.az
“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb -
58 baxış

“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - VİDEO

Azərlotereya” ASC-nin sponsoru olduğu “DH Volley” (“Demirören Holdinq”) komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

Final qarşılaşması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Qızıl medal uğrunda keçirilən oyunda “DH Volley” komandası “Turan” komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticəsində “Turan” birinci yerə layiq görülüb, “DH Volley” ikinci yeri tutaraq gümüş medal qazanıb. Bürünc medala isə “Gəncə” komandası sahib olub.

Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören və digər rəsmi şəxslər iştirak ediblər.

Qaliblərə medal və kuboklar təqdim edilib, həmçinin liqanın ən yaxşı oyunçuları və rəmzi komandası açıqlanıb. Qadın voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular arasında “DH Volley”in üzvləri də yer alıb. “Ən yaxşı toppaylayıcı” Natalia Gajewska, “Ən yaxşı hücumçu” Alla Alekumova, “Ən yaxşı diaqonal oyunçu” isə Katerina Jidkova seçilib.

AVF prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara, Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara, xüsusilə də “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirörenə Azərbaycan voleyboluna verilən böyük töhfəyə görə təşəkkür edib.

Mükafatlandırma mərasimində “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören də “DH Volley” üzvlərini bu böyük uğur münasibətilə təbrik edərək qısa müddətdə əldə edilən müvəffəqiyyətin böyük zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirib.

Gələcək mövsümlərdə daha böyük uğurları hədəfləyən “DH Volley” komandası “Azərlotereya”nın sponsorluğu ilə yaradılıb. “Azərlotereya” gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Şirkət “Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bu çərçivədə şirkət ölkə voleybolunun inkişafına da töhfə verir.

Şirkət 2021-ci ildən “Demirören Holdinq”in idarəetməsinə verilib. Fəaliyyət göstərdiyi ölkələrdə idmanın inkişafına xüsusi diqqət ayıran “Demirören Holdinq” xüsusilə voleybolun dəstəklənməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. “DH Volley” komandasının əldə etdiyi uğur da bu dəstəyin və idmana yönəlmiş strategiyanın nəticələrindən biri kimi yüksək qiymətləndirilir.

 

Bizə qoşulun