Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib.
Milli.Az xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğın baş verib. Yaxınlıqda olanlar səsə gəliblər.
"Yanıq xəsarətləri vardı. Yanırdı, paltarları əynində ərimişdi", - hadisə şahidlərindən biri bildirib.
Məlumata görə, yeniyetmə dərsdən qayıdan zaman dayanmış vaqonun üstünə çıxaraq şəkil çəkdirmək istəyib. Hadisə də o anda baş verib.
Məktəbli dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, saat 13:00 radələrində cərəyan vurması səbəbilə 14 yaşlı şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona elektrik cəryanının təsiri, bədənin 65%-dən çox hissəsinin termiki yanığı, yanıq şoku diaqnozu təyin olunub.
Pasiyentə ilkin tibbi yardım göstərilib və daha ixtisaslaşdırılmış müalicə üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib.
Daha ətraflı "Xəzər" TV-nin videomaterialında