Medianews.az
Dərs cədvəli ilə planladıqdan sonra müəllimini qətlə yetirib -
78 baxış

Dərs cədvəli ilə planladıqdan sonra müəllimini qətlə yetirib - Türkiyə bunu danışır+VİDEO

İstanbulda Texniki Anadolu Liseyin müəllimi Fatma Nur Çelik 17 yaşlı şagirdi tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Medianews.az xəbər verir ki, hücumda ağır yaralanan 44 yaşlı biologiya müəllimi həkimlərin səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Onun cənazəsi çalışdığı məktəbə gətirilib və vida mərasimi keçirilib. Həmin görüntülər Türkiyə gündəmini zəbt edib.

İlkin məlumata görə, hadisəni törədən şagird ötən il məktəbdə davada iştirak edib və müəllim iclasda həmkarlarına “canımız təhlükə altındadır” deyərək xəbərdarlıq edib.

İddialara görə, 17 yaşlı şagird hadisədən iki gün əvvəl atası tərəfindən Bakırköy Mazhar Osman Ruhi və Sinir Xəstəlikləri Mərkəzindən çıxarılıb.

O, xəstəxanadan çıxdıqdan sonra, müəllimin hansı saatda hansı sinifdə olduğunu öyrənmək üçün məktəbin dərs cədvəlini yoxlayıb və sonra buna uyğun plan qurub.

Səhər məktəbə çatan şagird birbaşa sinif otağına gedib və saat 11:00 radələrində əvvəlcə müəllim Fatma Nur Çeliyə bıçaqla hücum edib.

Müdaxilə etməyə çalışan 15 yaşlı şagird və daha bir müəllim də yaralanıb.

Ölkə gündəminə düşən hadisəyə Prezident Rəcəb Tayyib Ərdoğan belə münasibət bildirib:

“Törədilən dəhşətli hücumda vəfat edən müəllimimiz Fatma Nur Çelik üçün Allahdan rəhmət diləyirəm.

Mərhumun ailəsinə və yaxınlarına, eləcə də ölkəmizə böyük fədakarlıqla xidmət edən bütün təhsil ictimaiyyətinə başsağlığı verirəm. Müəllimlərimizə qarşı zorakılığa heç bir bəraət qazandırmaq olmaz. Zorakılığı, hətta, müəllimə hörmətsizliyi belə bir kənara qoysaq, haqqında “Mənə bir hərf öyrədən hər kəsə 40 il kölə olaram” deyilən şəxsə qarşı edilən bu hərəkət qəbuledilməzdir. 

Bütün millətimizi kədərləndirən bu hadisə qətiyyətlə araşdırılacaq və cinayətkarın layiq olduğu cəzanı alması üçün lazım olan hər şey ediləcək.

Həmçinin eyni hücumda yaralanan müəllimimiz və şagirdimizin tezliklə sağalması üçün Uca Tanrıya dualar edirəm”.

Bizə qoşulun