Çində hərbi məhkəmə ölkənin keçmiş müdafiə nazirləri Li Şanqfu və Vey Fenqenin korrupsiya ittihamı ilə iki illik möhlətlə şərti ölüm hökmü verib.
Medianews.az bakupost.az-a istinadla xəbər verir ki, İki illik möhlət müddəti bitdikdən sonra, məhkumlar bu müddət ərzində heç bir cinayət törətməsələr, cəzaları şərti azadlığa buraxılmadan və ya cəzası yüngülləşdirilmədən ömürlük həbs cəzası ilə əvəz olunacaq.
Hökmə əsasən, Vey rüşvət almaqda, Li isə həm rüşvət almaqda, həm də verməkdə günahkar bilinib. “Xinhua” xəbər verir ki, keçmiş nazirlərin hər ikisi ömürlük siyasi hüquqlarından məhrum edilib və əmlakları müsadirə olunacaq.
Vey Fenqe 2018-ci ildən 2023-cü ilə qədər Çinin müdafiə naziri vəzifəsində çalışıb. Li Şanqfu onun yerinə 2023-cü ilin mart ayında keçib, lakin həmin ilin oktyabrında vəzifəsindən azad edilib.
Çində korrupsiyaya qarşı mübarizə kampaniyası 2012-ci ildə prezident Si Cinpinin hakimiyyətə gəlməsindən sonra daha da güclənib. “Röyters” agentliyinin məlumatına görə, ordu daxilində təmizləmələr kampaniyanın əsas məqsədlərindən birinə çevrilib.