Bu gündən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft boru kəmərinin operatorluğu Böyük Britaniyanın BP şirkətindən Azərbaycan Dövlət Neft Şirkətinə məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçir.
Bunu Medianews.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O bildirib ki, Səngəçal terminalının operatorluğu dəyişməz qalır - BP bu obyektin operatorluğunu icra etməkdə davam edəcək. “BTC Co.” şirkətinin səhmdarlıq strukturu da dəyişməz qalır.
Uzunluğu 1768 km olan BTC boru kəmərinin cari ötürücülük gücü gündəlik 1 milyon barel (ildə 50 mln ton) təşkil edir.
Boru kəmərində səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var.
Ceyhan terminalında ilk tankerə 4 iyun 2006-cı il tarixində yüklənib.
İndiyədək BTC boru kəməri vasitəsilə ümumilikdə 4,7 milyard bareldən çox (təxminən 630 milyon ton) xam neft nəql edilib, 6271 tankerə yüklənərək dünya bazarlarına çıxarılıb.
