Azərbaycanın yeganə regional mobil rabitə operatoru olan “Naxtel” bu həftə - dekabrın 15-də fəaliyyətini tam dayandıracaq.
Medianews.az xəbər verir ki, artıq şirkətin saytında geri sayım sayğacı da yerləşdirilib.
“Naxtel” fəaliyyətini dayandıracağını abunəçilərinə sentyabrın 1-də elan edib, onlara istifadələrində olan nömrələrin saxlanması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün digər mobil rabitə operatorlarına müraciət etmələrini məsləhət görüb.
Azərbaycanda “Naxtel”dən başqa cəmi üç mobil rabitə operatoru var: “Azercell”, “Bakcell”, “Nar”.
2015-ci ildə yaradılmış “Naxtel” 4-cü nəsil GSM + LTE operatorudur. Naxçıvan Muxtar Respublikasında yerləşən şirkətin muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən 130 baza stansiyası var.
Toğrul Əli,
Medianews.az