Böyük Britaniyanın Aberdinşir qraflığının sakini Ceymi Stiven it yemini tapdalayıb və nəticədə infeksiya yoluxan ayağını itirib.
Bu barədə "Mirror" nəşri məlumat yayıb. Bildirilib ki, qadın ev heyvanı üçün yemək tökərkən təsadüfən yerə düşmüş köhnə quru qida qalığının üzərinə çıxıb.
Beş gündən sonra britaniyalı qadının ayağında ciddi şişkinlik və iltihab yaranıb. Həkimlər 39 yaşlı qadına sepsisə yoluxma diaqnozu qoyublar.
Bir neçə gün ərzində o, üç təcili cərrahiyyə əməliyyatı keçirib. Ceyminin sözlərinə görə, infeksiya o qədər sürətlə inkişaf edib ki, cərrahlar onun sağ ayağını amputasiya etmək məcburiyyətində qalıblar. Qadın etiraf edib ki, diabet xəstəsi olduğu üçün belə fəsadların yaranma riskindən xəbərdar olub, lakin belə hadisənin onun başına gələcəyini heç vaxt düşünməyib. O bildirib ki, zədə almazdan əvvəl aktiv həyat tərzi sürüb, idmanla məşğul olub və iti ilə tez-tez gəzintiyə çıxıb.
Britaniyalı qadın digər diabet xəstələrini daha diqqətli olmağa çağırır, çünki hətta ən kiçik zədə belə ağır nəticələrə gətirib çıxara bilər.


