Ruben Vardanyan məhkəmədə son sözündə Füzulinin “Padişahi-mülk” qəsidəsini oxuyubmuş. Bu bizim torpağın suyundandır, kim gəlsə, şeir oxuyur, şair olur. İstər məhbus olsun, istər prezident, baş nazir, hər hansı diplomatik qonaq. İndiki uşaqlar bilməz, sovet vaxtı hansısa yüksək vəzifəli moskvalı kadr bizə “Azərbaycan xalqı şair xalqdır” demişdi, hamımız əzbərləmişdik. Xoşumuza gəlmişdi.
Sözgəlişi, özümüzü tərifləmək olmasın, bizim şeirə, musiqiyə aşiqliyimizin bir kökü əslində dilimizdən irəli gəlir. Elmi şəkildə də isbat edilib ki, hansı dildə sait səslər çoxdursa, o dil daha musiqilidir, çünki insan yaranandan səsi saitlərlə çıxarıb, samitlər küydür, xışıltı, zərbə və sairədir. Bizim dildə 9 sait var. Erməni dilində 6, gürcü dilində isə hətta 5 saitdir. Ruslarda da 6 saitdir, saxta şəkildə bir-iki dənə əlavə edirlər (məsələn, guya “e” ayrıdır, “ye” ayrı).
Ancaq işin anekdot tərəfi odur ki, Vardanyan türmə kitabxanasından Füzulinin şeirinin ruscaya tərcüməsini tapıb oxuyub, mən də hələ orta məktəbdə oxuduğum şeirin mənasını yalnız indi, ruscada anladım. İnanmırsınızsa, orijinaldan bir bəndi burda yazıram: “Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən Eyləmiş iqbalimi asari-nüsrət məzhəri”.
Buyurun. Nəsə anladımsa ərəb olum. Daha doğrusu, anladımsa ərəbəm. Ya da fars. 13 dənə sözün içindən 1-cə dənə doğma “eyləmiş” sözü ciyərini sökə-sökə, qanlı göz yaşları içində bizə baxır.
Bunu ona görə yazıram ki, bizdə “ana dilimizi qoruyaq” deyə şivən qoparıb, yaxa yırtan adamlar adətən dildəki elə bu cür ərəb-fars tərkiblərinin keşiyində durmaq istəyirlər. Deyirlər, “qurum” yazma, “təşkilat” yaz. “İstək” olmasın, “məhəbbət” olsun. “Uğur”u poz, “müvəffəqiyyət” yaxşıdır. Nə bilim, “anlam” yerinə mütləq “məna” qalmalıdır və sairə. Guya bu bizim ana dilimizdir. Guya analarımız bizi doğandan sonra deyib ki, a bala, mərsumi-məvacibi asibi-ruzigar elə, təklifi-cud əhli-bəqa olsun. (Hamısı bayaqkı qəsidənin içindəndir).
Məhz elə o saxta, sovet hökumətinin uydurduğu “ana dilimiz” üzündən camaat nə keçmişdə kitab oxuya bilirdi, nə indi mətn qavrayan qalıb. Tik-tok-zad da ana dilimizin tabutuna sonuncu mıxları çalmaqdadır, belə getsə, tam şəkildə ibtidai icma quruluşuna qayıdacağıq: insanlar bir-birinə mıqqıldamaq, hoqquldamaq, mırıldamaqla mesaj ötürəcək. Bunun elementləri indidən görünür, məsələn, əcaib gülüş səsləri fon yazısı olan qısa videolar populyardır.
Oxuduğu mətnin mənasını, məzmununu başa düşməyən uşaqların çoxaldığını təhsil nazirindən DİM sədrinəcən çoxları etiraf ediblər. Və bu cür şəraitdə camaat ümid edir ki, məktəbdə uşağa düzgün tərbiyə veriləcək. Qazana kartof doğrayıb, plov gözləyirik. (Hərçənd, halal kartof aşı, haram şahplovdan ləzzətlidir, biləsiniz). Dəli şeytan deyir, bəlkə də xalqımızın rus sektoruna əcaib sevgisinin kökləri elə burda gizlənir. İstəyirlər uşaq Füzulini heç olmazsa ruscaya çevirmədə anlasın.
Yazını isə əziz qazi dostum İlham Ağaların məktubu ilə bitirirəm: “Dükandan nəvələrimə oyuncaq almaq istəyirdim, çox maraqlı şeylə qarşılaşdım. Bizim vaxtımızda beşbarmaq, yaxud “kastet” deyilən soyuq silahın uşaqlar üçün oyuncaq forması hazırlanıb satılır. Mən uşaq olanda hardansa kiçik beşbarmaq tapmışdım, rəhmətlik nənəm onu əlimdən alıb ayaqyoluna tulladı, dedi, bir də belə şey görməyim. Sonra da deyirlər, uşaq məktəbə tüfənglə, yaxud bıçaqla gəlir. Oyuncağı beşbarmaq olan uşaq səhər məktəbə tankla gəlməlidir”.
P.S. İlham bəy alətin fotosunu da göndərmişdi, prinsipcə, əsl beşbarmaq idi, heç oyuncağa oxşamırdı. Yadıma düşdü ki, mən özüm də bunun oxşarlarını satışda görmüşəm. Bıçaq satılır, bunu anladıq, başqa iş üçün də lazımdır, bəs görəsən, beşbarmağı ölkəyə buraxan əlaqədar orqanların məqsədi nədir? Aldığınız mərsumi-məvacib halal olmasın.