Bəzi məhsullar qanda “pis” xolesterinin səviyyəsini artıraraq damarların ölümcül aterosklerozuna səbəb ola bilər. Bu barədə Piroqov Universitetinin Analıq və Uşaqlıq İnstitutunun hospital pediatriyası kafedrasının dosenti Olqa Tarasova danışıb.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, həkimin sözlərinə görə, ürək-damar sistemi üçün ən zərərli məhsullar bir neçə əsas qrupa bölünür.
Birinci qrup transyağlardır (hidrogenləşdirilmiş yağlar). Bunlar süni şəkildə dəyişdirilmiş bitki yağlarıdır və bərk quruluşa malik olur. Transyağlar zərər dərəcəsinə görə mütləq lider hesab olunur. Onlar “pis” xolesterini (LDL) artırır, “yaxşı” xolesterini (HDL) isə azaldır, eyni zamanda damarları zədələyən sistemli iltihaba səbəb olur. Bu qrupa marqarinlər, spredlər, ucuz şirniyyatlar (peçenye, kruassan), kartof fri, çipslər, fritür məhsulları, bəzi popkorn və konfet növləri daxildir.
İkinci qrupa doymuş yağlarla zəngin məhsullar aiddir. Onların həddindən artıq qəbulu qaraciyərin daha çox xolesterin istehsal etməsini stimullaşdırır.
Üçüncü qrup isə tez mənimsənilən karbohidratlar və əlavə şəkər tərkibli məhsullardır. Bu qidaların çox istehlakı insulin səviyyəsində kəskin sıçrayışlara səbəb olur. Nəticədə qaraciyərdə xolesterin sintezində əsas rol oynayan ferment — HMG-KoA-reduktaza aktivləşir ki, bu da ürək və damarlar üçün əlavə risk yaradır.