Tovuzda gənc oğlan ailə məclisində dayısını döyüb. Hadisə Tovuz rayonunda baş verib.
Demokrat.az-ın əldə etdiyi məlumata əsasən, 1996-cı il təvəllüdlü Mahmud martın 21-də saat 18 radələrində dayısı Adilin evinə qonaq gedib. O, orada digər dayısı Əhmədlə mübahisə edib. Şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Mahmud Əhmədin sifətinə ardıcıl yumruq zərbələri vurub. Hadisədən sonra fakta görə hüquq-mühafizə orqanları tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Mahmudun sözlərinə görə, dayısı Əhmədlə münasibətləri hər zaman normal olub:
“Martın 21-də, saat 18 radələrində xalamın həyat yoldaşı Qabillə birlikdə dayım Adilə məxsus evə getdim. Biz birlikdə spirtli içki qəbul etdik, yemək yedik. Həddindən artıq spirtli içki qəbul etdiyim üçün sərxoş vəziyyətdə oldum. Həmin gün saat 21 radələrində sərxoş olduğum üçün dayım Əhmədin ünvanına nalayiq ifadələr işlətdim. Yaranmış mübahisə zamanı dayımı yumruqla üz nahiyəsinə vurdum”.
Məhkəmə iclasında peşman olduğunu deyən təqsirləndirilən şəxs dayısı Əhməd ilə barışdığını bildirib. O, gələcəkdə dayısına qarşı heç bir qeyri-qanuni hərəkət etməyəcəyinə söz verib və hakimdən bağışlanmasını xahiş edib.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınan Əhməd də ifadəsində bacısı oğlu Mahmudla barışdığını bəyan edib. Dayı qohumuna qarşı hər hansı şikayət və tələbinin olmadığını vurğulayıb.
Tovuz Rayon Məhkəməsinin hökmü ilə tərəflərin barışması əsas götürülüb. Bu səbəbdən Mahmud barəsindəki cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
02.07.2026, 07:02
135
baxış
Zara Editor