"Barselona" klubu baş məşqçi Hansi Fliklə əməkdaşlığı uzunmüddətli davam etdirməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Bild" nəşri yazıb. Mənbə bildirir ki, Kataloniya təmsilçisinin rəhbərliyi 60 yaşlı alman mütəxəssisin 2028-ci ilə qədər komandanın sükanı arxasında qalmasını istəyir.
Qeyd olunur ki, Fliklə 2025-ci ilin mayında imzalanan mövcud müqavilə 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir. Klub rəhbərliyi isə bu anlaşmanın daha da uzadılmasında maraqlıdır.
Bununla yanaşı, "Barselona"nın transfer planları da gündəmə gəlib. Bildirilir ki, klub Madrid "Atletiko"sunun hücumçusu Julian Alvaresi heyətinə qatmaq niyyətindədir. Argentinalı forvardın transferinin "Barselona"ya ən azı 100 milyon avroya başa gələcəyi vurğulanır.
Xatırladaq ki, Hansi Flik 2024-cü ilin may ayından "Barselona"nın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda ilk mövsümdəcə İspaniya çempionu olub, həmçinin ölkə Kuboku və Superkubokunu qazanaraq uğurlu nəticələrə imza atıb.