Medianews.az
Bakıya buna görə gəlirlər -
66 baxış

Bakıya buna görə gəlirlər - Rayonlarda isə...

Azərbaycanda turizmin inkişafı əsasən paytaxt mərkəzlidir. Rəsmi məlumatlara görə, ölkəyə gələn turistlərin 80 faizindən çoxu yalnız Bakı şəhərini ziyarət edir. Bu isə o deməkdir ki, hər 100 turistdən cəmi 20-si bölgələrə üz tutur. Bəs niyə rayonlar xarici turistlər üçün hələ də cəlbedici deyil? İnfrastruktur, xidmət keyfiyyəti, yoxsa yüksək qiymətlər bölgə turizminin inkişafına mane olur?

Bununla bağlı “Yeni Sabah”a danışan turizm eksperti Kənan Hənifəyev bildirib ki, Azərbaycanın gəlmə turizmi  inkişaf mərhələsindədir. Onun sözlərinə görə, bölgələri yox, paytaxtı seçən turistlərin bir neçə səbəbi var:

“Ümumilikdə, turizm şirkətləri xarici turistlərə tur məhsulu təklif edərkən daha çox kombinə turlar təqdim edirlər. Bu turlarda Bakı və regionlarımız birlikdə səyahət marşrutuna daxil edilir. Əsasən yay aylarında regionlara turist axınının artması həm statistik göstəricilərdə, həm də real mənzərədə aydın görünür. Hazırda xüsusilə Çin və Yaponiya turistləri üçün şimal-qərb istiqaməti böyük maraq doğurur və onların səfər proqramlarına bu istiqamətdəki şəhər və rayonlar da daxildir”.

Ekspert bildirib ki, turistlərin bu seçiminin bir neçə səbəbi olsa da, ən əsas amillərdən biri infrastruktur, xidmət səviyyəsi və şəhərin turistə yaratdığı ümumi təəssüratla bağlıdır:

“Məsələn, Bakı şəhəri öz tarixi-mədəni zənginliyi, inkişaf etmiş infrastrukturu, xidmət səviyyəsi, şəhər sakinlərinin kütləviliyi və asudə vaxtın keçirilməsi üçün müxtəlif əyləncə istiqamətləri ilə turistləri cəlb edir. Turist səfər zamanı bu meyarları görüb təcrübədən keçirdikcə, onun səyahəti daha yadda qalan olur və nəticədə geri dönüş ehtimalı artır. Bu isə, eyni zamanda, ölkə iqtisadiyyatına da xeyir verərək vəsait axınını təmin edir.

Regionlarda isə sadalanan imkanların təxminən 50%-i mövcud olmadığı üçün turistlər çox vaxt bir gecədən artıq qalmayıb yenidən paytaxta qayıdırlar”.

“Qiymətlər xarici turistlər üçün yüksək hesab olunmur, xidmət sahəsində müəyyən çatışmazlıqlar olsa da, bu, aradan qaldırıla bilən məsələlərdəndir. Əsas məsələ turist üçün sistemli və cəlbedici şəhər mühitinin formalaşdırılması, yəni şəhərin tanıtımının təkcə reklamla deyil, həm də ab-havanın düzgün qurulması ilə təmin edilməsidir”, deyə K.Hənifəyev qeyd edib.

Müsahibimiz vurğulayıb ki, bunun üçün ilk növbədə yerli bələdiyyə orqanları və şəhər icra hakimiyyətləri bu məsələdə maraqlı olmalı, həmçinin regional turizm idarələri, Dövlət Turizm Agentliyi və özəl turizm müəssisələri ilə birgə əməkdaşlıq edərək mövcud problemləri birgə həll etməyə çalışmalıdırlar:

“Regionlarda sahibkarlıq üçün münbit şəraitin yaradılması, yeni investisiyaların cəlb edilməsi və yerli sahibkarların təşviqi vacib məsələlərdəndir. Düşünürəm ki, ümumilikdə reurbanizasiya prosesinin həyata keçirilməsi ilə sadalanan çatışmazlıqlar aradan qalxacaq və regionlarda mövcud problemlər yerli sakinlər və sahibkarlar tərəfindən tədricən həll olunacaq. Bunun üçün müəyyən zamana ehtiyac var, lakin proseslər mərhələli şəkildə və planlı formada həyata keçirilməlidir”.

Bizə qoşulun