Sosial şəbəkələrdə keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb.
Məlumat Medianews.az-a Daxili İşlər Nazirliyindən verilib.
Məlumatda deyilir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.