Dekabrın 8-dək “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını 33 ölkə təsdiqləyib: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Norveç, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.
Son məlumata görə, Polşa da yarışa qatılmamaq qərarı verə bilər. İştirakları gözlənən Ermənistan və İslandiyadan soraq yoxdur.
Dekabrın 4-də İsrailin “Avroviziya 2026”da iştirakı dəqiqləşəndən sonra İrlandiya, İspaniya, Niderland və Sloveniya müsabiqəni boykot edib. Bu ölkələr İsrailin “Avroviziya 2026”ya buraxılmaması tələbi qoymuşdu.
İsrail 2023-cü ilin payızından Fələstinin Qəzza bölgəsində qanlı hərbi əməliyyatlar aparıb. Dünya ictimaiyyətinin bir hissəsi fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.
Medianews.az bildirir ki, Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi yarışın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.
1956-cı ildən keçirilən “Avroviziya” yarışması ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsidir. 69 dəfə keçirilmiş müsabiqədə İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.
Toğrul Əli,
Medianews.az