İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə aparılan danışıqlar ölkənin ali rəhbəri Əli Xameneinin koordinasiyası və dəstəyi ilə həyata keçirilir.
Bu o deməkdir ki, İranı danışıqlarda təmsil edən xarici işlər naziri Abbas Əraqçı ilk növbədə ali rəhbərin təlimatına istinad etməlidir.
İran mühafizəkarları ABŞ-dən çəkinmədiklərini söyləsələr də, müharibə ehtimalının qarşısını almağa çalışırlar.
Təsadüfi deyil ki, Tehran uranın zənginləşdirilməsi məsələsində güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Bundan başqa Tehran zənginləşdirilən uranın üçüncü ölkələrdən birinə təhvil verməyə də hazırdır.
Üçüncü ölkə kimi Rusiyanın adı çəkilir. Kremllə dialoqu olan ABŞ Prezidenti Donald Tramp buna etiraz etməz. Ancaq məsələ bununla bitmir.
Trampın İranın uranın zənginləşdirilməsindən imtinasından başqa İrana ünvanladığı daha 2 tələbi (uzaqmənzilli ballistik raketlərdən və bölgədəki silahlı qruplara dəstəkdən imtina) var idi. Bu tələblərin yerinə yetirilməsi ABŞ-ın bölgədəki strateji müttəfiqi İsrailin təhlükəsizliyinin təmin edilməsi istəyi ilə bağlıdır.
Ancaq Tehran Vaşinqtonla yalnız uran mövzusunda danışıqları davam etdirməyə razılığını bildirib, digər mövzuları isə müzakirə etmək istəmir.
Tehran Vaşinqtonun uranın zənginləşdirilməsiylə bağlı tələbini yerinə yetirərsə, müharibə ehtimalı ortadan qaldırılacaqmı və ABŞ hərbi gəmilərini İran sahillərindən uzaqlaşdıracaqmı? Tramp qərar verməyib.
Elxan Şahinoğlu,
politoloq