"12-13 həftəyədək hamilə qadında ürəkbunlanma, iştahsızlıq, bəzən qusma, baş fırlanması, ümumi zəiflik olursa, bu normal sayılır və yüngül toksikoz kimi qiymətləndirilir".
Bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Axundova deyib.
Onun sözlərinə görə, bu dönəmdə huşun itməsi, günərzində 5-8 dəfə və daha çox qusma olarsa və qadın adi suyu belə içə birmirsə, o zaman bu hamiləlik toksikozunun ağır formasıdır. Qeyd edib ki, bu zaman hamilə qadın mütləq stasionarda müalicə almalı, çünki bu ağır maddələr mübadiləsi pozulmalarına gətirə bilər.
Bildirib ki, əgər hamilə qadın ayda 3 kilodan artıq çəki alarsa, şirniyyata meyillidirsə, yemək çox yeyir, suyu çox içərsə, bu bəzi hallarda hamiləlik diabeti kimi, ağırlaşmaya gətirə bilər. Hamiləliyin 3-cü dönəmində arterial təzyiqin artması, baş ağrısı, halsızlıq, bədəndə şişkinlik, sidiyin miqdarının azalması, mədə nahiyəsində ağrı və yanma hissi, dəridə qaşınma və s. kimi şikayəti varsa, bu hamiləliyin gec toksikozunun əlamətləri ola bilər:
"Belə olan halda stasionar və ya ambulator müalicə üçün təcili müraciət edilməlidir. Həmçinin, bu kimi hallar vaxtından əvvəl doğuşa səbəb ola bilər. Hamiləlik dönəmində ayaqlarda və əllərdə şişkinlik və keyimə də ola bilər. Belə hallar artıqca qan laxtalanması həkim tərəfindən yoxlanılmalıdır".
Mütəxəssis-ekspert qeyd edib ki, hamiləliyin hansısa müddəti olanda ümumi halsızlıq, üşütmə, iştahsızlıq, yuxululuq, dölün çox hərəkət etməsi varsa, bu qan azlığı əlamətləri ola bilər:
"Belə hallarda qadının və dölün səhhətində patoloji hallar inkişaf edə bilər. Bundan əziyyət çəkən hamilələr vaxtından əvvəl doğuş, azçəkili uşaq, ciftin ayırılması və qanaxma kimi fəsadlara məruz qala bilər. Ona görə də hamilə qadın hər ay qanın ümumu analizini verməli, qan azlığı olan hallarda isə qanda dəmir və ferritin də yoxlanılmalıdır. Əlavə olaraq hematoloqun tövsiyələri vacib ola bilər".