Medianews.az
Rusiyanın 5 yaxın dostu – Azərbaycanla Ermənistan YAN-YANA...
59 baxış

Rusiyanın 5 yaxın dostu – Azərbaycanla Ermənistan YAN-YANA...

Fevralın 17-də Moskvada Milli Kommunikasiyanın İnkişafı Tədqiqat İnstitutu “Postsovet ölkələrində kommunikasiya rejimləri” adlı layihənin təqdimatını keçirib. Maraqlıdır ki, Rusiyaya ən yaxın və dost ölkələr arasında ilk beşlikdə Cənubi Osetiya, Abxaziya, Belarus, Qırğızıstan və Qazaxıstan yer alıb. Ardınca Tacikistan və Özbəkistan gəlir. Ermənistan 8-ci, Azərbaycan 9-cu və Gürcüstan isə 11-ci sırada qərarlaşıb.

Separatçı rejimlər – yalnız Rusiya və bəzi cırtdan ölkələr tərəfindən tanınmış Cənubi Osetiya, Abxaziya nəzərə alınmazsa, belə çıxır, Ermənistan 6, Azərbaycan isə 7-ci yerdədir. Yəni, bütün hallarda bu iki ölkə ilk onluqda.

Elə diqqəti çəkən birinci detal da məhz Azərbaycanla Ermənistanın yan-yana, “eyni qayıqda” olmasıdır. Bu da bölgədəki mövcud reallıqlara uyğun gəlir.

Məsələ ondadır ki, neçə vaxtdır ikitərəfli formatda, Rusiyasız öz aralarında sülh və barışıq prosesini uğurla irəli aparmaqla Bakı və İrəvan faktiki surətdə Moskvanın orbitindən uzaqlaşmaq kursu götürüb. Sülh müqaviləsi imzalanandan sonra isə çətin ki, onlar birinci onluğa “düşsünlər”...

Əslində Azərbaycan ilk “beşlik”də olmalı idi. Ancaq məlum hadisələr, xüsusən də mülki təyyarəmizin və Kiyevdəki səfirliyimizin atəşə tutulması, ən mühümü, rəsmi Moskvanın bu cinayətlərə görə məsuliyyəti öz üzərindən atması, son olaraq, Putinin verdiyi vədlərdən qaçması və cinayət işinə xitam verilməsi indiki “soyuq müharibə”ni şərtləndirib. Qısacası, 1 nömrəli günahkar Rusiyanın özü.

Eləcə də Ermənistan rəhbərliyi başı daşdan-daşa dəyəndən sonra ölkənin müstəqilliyinə əsas qarantın artıq Rusiya deyil, qonşu Azərbaycan və Türkiyə ilə dinc-yanaşı, sülh içində yaşamaq olduğunu anlayıb və bu narrativ əsasında hərəkət edir. Özü də ABŞ-nin patronajlığı altında. Yoxsa Ermənistan hələ də rəsmi anlaşmalara əsasən, Kremlin Cənubi Qafqazda yeganə legitim forpostu sayılır...

Yekun nədirsə, odur – Moskva Cənubi Osetiya və Abxaziyanın ümidinə qalıb. Bu elə dost-müttəfiqsiz qalmaq kimi bir şey. Hərgah, dəfələrlə yazmışıq, yenə təkrarlayaq ki, Rusiyanın dostu olmur. Çünki özü dost olmağı bacarmır, yaxud istəmir. Velikorus şovinizmi imkan vermir.

Putin nə demişdi, “Rusiyanın ən sadiq dostu onun ordusudur”. Hansı ordu ki, 4 ildir Ukrayna bataqlığından çıxa bilmir...

post-img

Yeri gəlmişkən, Ukraynaya hərbi təcavüz Rusiyasının dünyadakı olan-qalan nüfuzunu və ona inam-etibarı sarsıdıb. Bu ölkənin ümumən dünyada təklənməsini və təcridini sürətləndirib. İndi Moskvanın “yaxın ətraf”la bağlı məkrli planlarından xəbərdar olmayan yoxdur.

XXI əsrdə də imperialist planlar quran bir dövlətin bircə dostunun olması belə, təəccüb doğurardı. Rusiya elə Cənubi Osetiya, Abxaziyanın ümidinə qalmalı idi və qaldı. Dostu itirmək asan, qazanmaq – çətin. Rusiya timsalında isə, ümumiyyətlə, mümkünsüz. Səbəbini yazdıq...

Zahid SƏFƏROĞLU 

Bizə qoşulun